Ordu.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Cümə axşamı Honkonqun “Hang Seng” indeksi 0,6% enişlə açılıb, Çinin “Shanghai Composite” indeksi də 0,6% azalıb.
Cənubi Koreyanın “Kospi” indeksi 1,11%, Yaponiyanın “Nikkei 225” indeksi isə 0,6% geriləyib.
Eyni zamanda, ABŞ-nin “West Texas Intermediate” neft fyuçersləri 2,6% artaraq bir barel üçün 96,89 dollara, qlobal etalon sayılan “Brent” neft fyuçersləri isə 2,1% artaraq bir barel üçün 96,75 dollara çatıb.
Qeyd olunub ki, cümə axşamı baş verən qiymət dəyişiklikləri bu həftə ABŞ və İranın elan etdiyi iki həftəlik atəşkəsə bazarın ilkin reaksiyasından müəyyən qədər fərqlənib.
Çərşənbə günü ABŞ-nin WTI xam neft qiymətləri 16,4% azalıb, “Dow Jones” sənaye indeksi isə son bir ilin ən yaxşı nəticəsini göstərib.
İki ölkə arasında danışıqların şənbə günündən etibarən Pakistanın İslamabad şəhərində davam etdirilməsi gözlənilir.
Bununla belə, kövrək sülh artıq müəyyən çətinliklərlə üzləşib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu bəyan edib ki, İsrailin Livana zərbələrindən sonra Hörmüz boğazında gəmiçilik dayandırılıb və onlar bunu atəşkəs razılaşmasının pozulması hesab edirlər.
Məlumata görə, ABŞ-İsrailin İrana qarşı müharibəsi mühüm Hörmüz boğazını bağlayıb və tarixdə ən böyük neft böhranına səbəb olub, gündəlik təxminən 12-15 milyon barel xam neft tədarükünü azaldıb.
Analitiklər xəbərdarlıq edirlər ki, bir aydan çox davam edən döyüşlərin nəticələrinin aradan qalxması aylar çəkəcək.
Eyni zamanda, sonrakı qarşıdurma neft qiymətlərinə inflyasion təsir göstərməkdə davam edə bilər.
Sevinc Əliyeva
Ordu.az