Ordu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt mətbuat konfransında bildirib.
Levittin sözlərinə görə, iranlılar əvvəlcə 10 bənddən ibarət plan təqdim ediblər, lakin bu plan tamamilə qeyri-ciddi, qəbuledilməz sayılıb və bütövlükdə rədd edilib.
“Prezident Tramp və onun danışıqlar komandası onu sözün əsl mənasında zibil qutusuna atdı. Bu zalda olan bir çox media qurumları yanlış olaraq bu planın ABŞ üçün məqbul olduğunu bildirdi, amma bu, doğru deyil”, - deyə o qeyd edib.
Levitt iddia edib ki, ABŞ prezidentinin İrana ultimatum verməsindən və ABŞ Silahlı Qüvvələrinin zərbələri davam etdirməsindən sonra Tehran “reallığı qəbul edib”.
“Onlar prezidentə və onun komandasına daha məntiqli, tamamilə fərqli və daha qısa plan təqdim ediblər. Prezident Tramp və komandası qərara gəlib ki, yeni dəyişdirilmiş plan danışıqlar və bizim özümüzün 15 bəndlik təklifimizlə uzlaşdırma üçün işçi əsas ola bilər”, - deyə Ağ Ev rəsmisi əlavə edib.
Onun sözlərinə görə, Vaşinqton administrasiyası İranla yalnız Hörmüz boğazının gəmiçilik üçün açıq qalacağı təqdirdə danışıqlar aparmaq niyyətindədir.
“Prezident yalnız ABŞ maraqlarına tam uyğun gələn razılaşma üzrə danışıqlar aparacaq”, - deyə Levitt bildirib.
O əlavə edib ki, danışıqlar qrupu iki həftə ərzində məhz buna fokuslanacaq, bu müddətdə boğaz heç bir məhdudiyyət və gecikmə olmadan açıq qalmalıdır.
Sevinc Əliyeva
Ordu.az