Ordu.az xəbər verir ki, müvafiq dövrdə Türkiyənin ixrac həcmi 5 dəfə artıb.
Avropanın müdafiə tədarükündə Türkiyə getdikcə daha görünən mövqeyə malik olur. Fransanın “Fondation pour la Recherche Stratégique” (FRS) analitik mərkəzinin hesabatına görə, 2024-cü ildə Avropa Türkiyənin müdafiə sənayesinin ən mühüm ixrac bazarı olub. Bu dövrdə Türkiyə müdafiə ixracının 27 faizini Avropaya, 25 faizini isə ABŞ-yə edib.
Hesabat Türkiyənin Avropa bazarında sürətli artım yaşadığını göstərir. Digər tərəfdən ABŞ Avropa müdafiə bazarında hələ də dominant mövqedədir. SIPRI məlumatlarına görə Avropanın ümumi idxalında ABŞ-nin payı hazırda 48 faiz səviyyəsindədir. 2024-cü ildə isə bu göstərici 43 milyard dollar və ya 44 faiz pay təşkil edib. 2024-cü ildə Türkiyənin silah ixracı 7,154 milyard dollara çatmışdı.
Araşdırmaya görə, Türkiyə Cənubi Koreya və Braziliya ilə birlikdə son dörd ildə Avropa bazarında güclü mövqe qazanmağı bacarıb.
Məlumatlar 2020-2025-ci illər dövründə müdafiə ixracı həcmində artımı da aydın şəkildə ortaya qoyur. Cənubi Koreyanın ixracı səkkiz dəfə, Türkiyənin beş dəfə, Braziliyanın isə dörd dəfə artıb.
Türkiyənin Avropa bazarındakı uğurunun arxasında müəyyən platformaların rolu böyükdür. Xüsusilə ANKA, TB2 və TB3 pilotsuz uçuş aparatları, HÜRJET təlim təyyarəsi və MİLGEM çərçivəsində hazırlanmış döyüş gəmiləri ixracın əsas hərəkətverici qüvvəsini təşkil edir. Bununla yanaşı zirehli quru texnikası və dəniz sistemləri də Avropadakı tələbat artımından pay alır. Hesabatda 2010-2020-ci illər arasında başladılan bu proqramların istehsal və ixrac mərhələsinə keçməsinin Türkiyənin müdafiə sənayesində davamlı artımı təmin etdiyi qeyd olunur.
Hesabatda Türkiyənin Avropadakı yüksəlişində yalnız məhsul çeşidinin rol oynamadığı, geosiyasi və institusional faktorların da müəyyənedici olduğu vurğulanır. Xüsusilə NATO üzvlüyünün müdafiə əməkdaşlığı üçün zəmin yaratdığı qeyd edilir.
Hesabata görə yaranan mənzərə Avropanın müdafiə tədarükündə müxtəlifliyə yönəldiyini və Türkiyənin bu yeni dövrdə əsas oyunçulardan birinə çevrildiyini göstərir. Artan tələbat, sürətlənən istehsal qabiliyyəti və rəqabətli sistemlər Türkiyəni təkcə alternativ deyil, bir çox ölkə üçün prioritet tədarükçülərdən biri mövqeyinə yüksəldir.
Hesabatda Türkiyənin Avropa bazarına girişində xüsusilə Şərqi Avropanın kritik rol oynadığına diqqət çəkilir. Bu çərçivədə yüngül zirehli texnika və taktiki pilotsuz uçuş aparatlarının ön plana çıxdığı qeyd olunur.
FRS təhlilinə görə “Nurol Makina”nın 2018-ci ildə Macarıstan ilə imzaladığı “Gidran” müqaviləsi bu prosesin ilk addımlarından biri olub. Şirkətin 2022-ci ildə Macarıstanda yerli istehsal üçün törəmə qurması Türkiyənin regiondakı sənaye mövcudluğunu gücləndirib.
2023-cü ildə Estoniya ilə imzalanan və “Otokar”ın da daxil olduğu 230 ədəd zirehli texnikanı əhatə edən, ümumi dəyəri 200 milyon avro olan müqavilə Türkiyə şirkətlərinin regiondakı təsirini artıran digər nümunə kimi göstərilir. Rumıniyanın 2024-cü il oktyabrında “Cobra II” 4x4 zirehli texnikası üçün “Otokar”ı seçdiyi, daha sonra 2026-cı ilin yanvarında şirkətin yerli tərəfdaşını satın alma planını açıqladığı xatırladılır.
FRS hesabatında “Baykar” istehsalı TB2 pilotsuz uçuş aparatının Türkiyənin Avropa bazarına girişində həlledici rol oynadığı qeyd edilir. Şirkətin 2024-cü il gəlirinin 90 faizinin ixracdan əldə edildiyi, Ukrayna müharibəsinin bu prosesi sürətləndirdiyi vurğulanır.
TB2-nin Avropadakı ilk istifadəçisinin 2019-cu ildə Ukrayna olduğu, ardınca Polşanın 2021-ci ildə 24 ədəd alaraq bu platformanı seçən ilk NATO və Aİ ölkəsi olduğu bildirilir. Litva, Rumıniya və Xorvatiya ilə yanaşı Kosovo, Albaniya və Bosniya və Herseqovina kimi Balkan ölkələrinin də istifadəçilər sırasına qoşulduğu qeyd edilir.
FRS-yə görə Türkiyənin Avropadakı strategiyası yalnız məhsul satışı ilə məhdudlaşmır. Hesabatda ikitərəfli razılaşmalar, ortaq istehsal və sənaye əməkdaşlıqlarının bu genişlənmənin əsas elementləri olduğu bildirilir.
Bu çərçivədə Polşa ilə 2025-ci il dekabrında imzalanan razılaşma ilə ASELSAN-ın 410 milyon dollarlıq radioelektron mübarizə sistemi tədarük edəcəyi qeyd olunur. Rumıniya ilə ASFAT vasitəsilə TCG “Akhisar” korvetinin təhvilini əhatə edən razılaşmanın imzalandığı bildirilir. Slovakiya ilə 2025-ci ildə qurulan strateji tərəfdaşlığın da müdafiə sənayesinə yönəldiyi, “Otokar”ın TULPAR platforması ilə orta tank tenderini hədəflədiyi qeyd edilir. Bundan əlavə ASELSAN ilə Çexiya mərkəzli CSG arasında 2026-cı ildə yaradılan ortaq təşəbbüsün hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə və ağıllı sursat istehsalına yönəldiyi bildirilir.
Hesabatda Türkiyə müdafiə məhsullarının Avropada seçilməsində qiymət, təhvil müddəti və performans baxımından rəqabətli olmalarının təsirli olduğu vurğulanır. NATO standartlarına uyğunluğun da mühüm üstünlük təmin etdiyi qeyd olunur.
Bu çərçivədə Türkiyənin 2024-cü il dekabrında Portuqaliya ilə imzaladığı və STM-in iki logistika dəstək gəmisi inşa edəcəyi razılaşma NATO üzvü ölkəyə həyata keçirilən ilk dəniz platforması satışı kimi göstərilir.
FRS təhlilində Türkiyənin Avropadakı mövcudluğunu gücləndirən digər amilin sənaye əməkdaşlıqları olduğu qeyd edilir. İspaniya ilə imzalanan razılaşma çərçivəsində HÜRJET təlim təyyarəsinin 30 ədəd təhvilini əhatə edən proqramın 2028-2029-cu illər dövründə həyata keçirilməsi planlaşdırılır. Razılaşmanın texnologiya transferi və ortaq istehsal elementlərini ehtiva etdiyi vurğulanır.
İtaliyada isə “Baykar”ın “Piaggio Aero”nu satın alması və “Leonardo” ilə qurduğu ortaq təşəbbüsün Avropa pilotsuz uçuş aparatı bazarında yeni imkanlar yaradacağı gözlənilir. Hesabatda həmçinin “Baykar”ın “Piaggio” müəssisələrində AKINCI, TB2 və TB3 istehsalını həyata keçirməyi planlaşdırdığı qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az