Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Xarici işlər nazirinin müavini Mehmet Kemal Bozay bildirib ki, Türkiyə və Braziliya müdafiə şirkətləri ortaq istehsal və satış məsələləri üzrə danışıqlar aparır.
Sözügedən əməkdaşlığın Türkiyə müdafiə məhsullarının həm ortaq istehsalını, həm də beynəlxalq bazarlara yönəlmiş satışını əhatə etməsi gözlənilir. Bu çərçivədə TUSAŞ Braziliyanın təyyarə istehsalçısı “Embraer” və “Akaer Engenharia” ilə istehsal və inkişaf yönümlü mümkün ortaq təşəbbüs üçün anlaşma memorandumu imzalayıb. Daha əvvəl LAAD 2025 sərgisində TUSAŞ ilə “Embraer” arasında E-Jet E2 sərnişin təyyarələrinin istehsalını əhatə edən strateji əməkdaşlıq razılaşması da imzalanmışdı.
Digər tərəfdən, “Embraer” C-390 turbofan mühərrikli orta sinif nəqliyyat təyyarəsini Türkiyəyə ixrac etmək məsələsində açıq maraq göstərib. Bu platformanın Türkiyənin yüksək sürətli hava daşımaları ehtiyacını qarşılaması hədəflənir.
Ortaq istehsal gündəmində TUSAŞ-ın AKSUNGUR və ANKA pilotsuz uçuş aparatları da yer alır. Bu platformalar hazırda Türkiyə və müxtəlif ixrac istifadəçiləri tərəfindən aktiv şəkildə istifadə olunur.
Bununla yanaşı, “Baykar” və ROKETSAN da məhsullarının satışı üçün Braziliya ilə təmaslarını davam etdirir. Braziliyanın silahlı pilotsuz uçuş aparatı tədarükünə yönəlmiş davam edən tenderində “Bayraktar” TB2-nin güclü namizəd olduğu bildirilir.
Keçmiş dövrdə iki ölkə arasında müxtəlif müdafiə ixracları da həyata keçirilib. “Kale Jet Motorları” tərəfindən hazırlanmış KTJ-3200 turbojet mühərriki Braziliyanın SIATT MANSUP-ER gəmi əleyhinə raketi üçün ixrac edilib. Bundan əlavə, “CANiK” Braziliyanın yeni zirehli texnikalarında istifadə olunmaq üçün M2 QCB ağır pulemyotu təchiz edib.
Quru sistemləri sahəsində isə “Otokar” TULPAR zirehli döyüş maşını ilə Braziliyanın tırtıllı zirehli texnika tenderində iştirak edir, Braziliya Dəniz Piyadələrinin yüngül tank tenderində də TULPAR-ın yüngül tank konfiqurasiyası ilə yer alır. Eyni tenderdə FNSS də KAPLAN MT platforması ilə iştirak edir.
Sevinc Əliyeva
Ordu.az