İtaliya “Bayraktar” TB3 sifarişini bir neçə ay ərzində təsdiqləyəcək

2026/04/1775677483.jpg
Oxunub: 496     23:41     08 Aprel 2026    
“Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar “Breaking Defense”ə verdiyi açıqlamada bildirib ki, İtaliyanın Türkiyə istehsalı “Bayraktar TB3” pilotsuz uçuş aparatlarını almaq üçün bu ilin üçüncü rübündə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Romanın orta hündürlük-uzun müddət havada qalma (MALE) sinfinə məxsus bu platformaya marağı son dövrdə artarkən, İtaliya Hərbi Dəniz Qüvvələri komandanının müavini vitse-admiral Cüzeppe Berutti Berqotto ötən ay parlamentdə etdiyi çıxışda planlarını konkretləşdirib. Berqotto TB3-ün “Cavour” aviadaşıyıcısına inteqrasiya edilə biləcəyini, bununla həm müşahidə, həm də sursat daşıma qabiliyyəti təmin ediləcəyini bildirib.

Sənaye səviyyəsində bu əməkdaşlıq qlobal pilotsuz uçuş apratı lideri “Baykar” ilə İtaliyanın müdafiə nəhəngi “Leonardo” arasında iyun ayında yaradılan 50-50 faiz ortaq paylı “LBA Systems” təşəbbüsü tərəfindən həyata keçirilir. İtaliya mərkəzli bu tərəfdaşlıq “Baykar” platformalarını “Leonardo”nun elektronika və sensor sahəsində ixtisası ilə birləşdirərək pilotsuz uçuş aparatı inkişaf etdirməyi və istehsal etməyi hədəfləyir. Haluk Bayraktar platformaların Şimali İtaliyadakı “Ronki dei Lejionari” müəssisəsində inşa ediləcəyini açıqlayıb. “Leonardo” tərəfindən “pilotsuz sistemlər üzrə mükəmməllik mərkəzi” kimi xarakterizə olunan bu müəssisə istehsalın əsas bazası olacaq.

Bu satınalma ilə İtaliya Türkiyədən kənarda ilk Avropa TB3 operatoru olmağa hazırlaşır. İtaliya Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, “Cavour” aviadaşıyıcısı əsas zərbə qüvvəsi olan F-35B-lərlə yanaşı, ümumilikdə 20-24 ədədlik qarışıq sabit qanadlı təyyarə və helikopter parkını daşımaq qabiliyyətinə malikdir. Alınacaq pilotsuz uçuş aparatı sayı hələ rəsmi açıqlanmasa da layihənin ilin sonuna qədər dəqiqləşəcəyi gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Bayraktar   TB3  


Bizi "telegram"da izləyin