Ordu.az xəbər verir ki, donanma tərəfindən yayımlanan “Dənizdə pilotsuz uçuş aparatı ilə yenidən silahlandırma (REARM-D)” başlıqlı problem təsvirində bu məqsədlə çoxrotorlu pilotsuz uçuş aparatının hazırlanması nəzərdə tutulur.
Açıqlamada aşağı dəyərli pilotsuz uçuş aparatlarına və raketlərə qarşı aparılan əməliyyatlarda gəmilərdəki zenit raket sistemi ehtiyatlarının sürətlə tükənməsinin dənizdə yenidən yükləmə ehtiyacını artırdığı bildirilib. Hazırkı praktikada sursat təchizatı limanlarda kranlar vasitəsilə həyata keçirilir və bu vəziyyət gəmilər üçün əməliyyat fasilələrinə səbəb olur.
Planlaşdırılan sistem çərçivəsində iki saatdan artıq havada qalma müddətinə və 900 kiloqramdan çox daşıma qabiliyyətinə malik pilotsuz uçuş aparatı nəzərdə tutulur. Daxili yanma mühərriki ilə işləyəcək platformanın fərqli gəmi sürətlərində və dəyişkən hava şəraitində tapşırıq yerinə yetirə bilməsi hədəflənir.
Konsepsiyada pilotsuz uçuş aparatının təchizat gəmisindən aldığı raket kapsulunu giroskopla sabitləşdirilən sistem vasitəsilə daşıyaraq digər gəmiyə çatdırması planlaşdırılır. Aparat döyüş gəmisindəki şaquli buraxılış qurğusu üzərində sabitlənərək sursatı kran sistemi vasitəsilə müvafiq xanaya yerləşdirəcək.
Rəsmilər konsepsiyanın tətbiq imkanlarının hələ dəqiq olmadığını bildirir, müəyyən edilən yüksək daşıma qabiliyyətinin texniki çətinliklər yaratdığına diqqət çəkirlər. Hazırda Hindistanda hazırlanmış çoxrotorlu müdafiə məqsədli pilotsuz uçuş aparatlarının əksəriyyətinin 100 kiloqramdan aşağı daşıma qabiliyyətinə malik olduğu məlumdur.
Sözügedən iş Hindistan Müdafiə Startap Çağırışı (DISC) proqramının 14-cü buraxılışı çərçivəsində yer alır. Proqram qabaqcıl texnoloji həllər hazırlayan təşəbbüsləri dəstəkləməyi hədəfləyir.
Qlobal miqyasda ABŞ dənizdə yenidən sursat yüklənməsi həlləri üzərində işlərini davam etdirərkən, Fransa da bənzər konsepsiyaları sınaqdan keçirir.
Sevinc Əliyeva
Ordu.az