Ordu.az xəbər verir ki, şirkət lazerlə yönləndirilən 70 mm APKWS raketini “Typhoon” təyyarəsindən uğurla atıb.
İlk atış sınağı uğurla tamamlanıb
2026-cı ilin mart ayında Birləşmiş Krallıqda keçirilən sınaqda Kral Hərbi Hava Qüvvələrinə məxsus bir Typhoon sınaq təyyarəsi AGR-20A “Advanced Precision Kill Weapon System” (APKWS) sursatını yerüstü hədəfə qarşı istifadə edib.
“BAE Systems” tərəfindən verilən açıqlamada qeyd edilib: “Sınaq Lankaşirdə yerləşən “Warton” uçuş sınaq mərkəzindən həyata keçirilib və Birləşmiş Krallıqda bir hərbi sınaq sahəsində yerüstü hədəf uğurla vurulub”.
Aşağı xərcli həll axtarışı
Sınaq Birləşmiş Krallığın Müdafiə Nazirliyi tərəfindən dəstəklənən proqram çərçivəsində həyata keçirilir. Məqsəd “Typhoon”un mövcud yüksək xərcli “hava-hava” raketlərinə alternativ olaraq daha iqtisadi həllər əldə etməsidir.
Son illərdə kiçik ölçülü pilotsuz uçuş aparatları və “gəzən sursat”ların geniş yayılması hava qüvvələrini daha aşağı xərcli qarşı tədbirlər hazırlamağa yönəldib.
APKWS ilə dəqiq zərbə qabiliyyəti
APKWS standart 70 mm raketləri lazerlə yönləndirilən dəqiq sursatlara çevirən sistem kimi ön plana çıxır. Bu yolla klassik idarə olunmayan raketlərlə müqayisədə daha yüksək dəqiqlik təmin olunur.
Eyni zamanda ənənəvi “hava-hava” raketləri ilə müqayisədə xeyli aşağı xərcə malik olması sistemi pilotsuz uçuş aparatları təhdidlərinə qarşı cəlbedici seçimə çevirir.
Hava hədəflərinə qarşı sınaqlar növbədədir
İlk sınaqda yerüstü hədəf vurulsa da, növbəti mərhələdə sistemin hava hədəflərinə qarşı effektivliyinin sınaqdan keçirilməsi planlaşdırılır.
Bu mərhələ sursatın real mənada pilotsuz uçuş aparatlarını qarşılayan rolunda nə qədər effektiv olacağını müəyyən edəcək kritik proses kimi qiymətləndirilir.
“Typhoon”un silah çeşidi genişlənir
“Eurofighter Typhoon” artıq “Meteor” “hava-hava” raketi, “Storm Shadow” qanadlı raketi və “Brimstone” kimi qabaqcıl sursatlarla təchiz olunub. APKWS-in inteqrasiyası platformanın xüsusilə aşağı xərcli təhdidlərə qarşı çevikliyini artırmağı hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az