Rusiya-İsrail münasibətlərində görünməyən çat: diplomatik kanallar yetərli olacaq?

2026/04/1775664173.jpg
Oxunub: 608     20:01     08 Aprel 2026    
“The Jerusalem Post” nəşri “Ukrayna kəşfiyyat mənbələrinə” istinadən aprelin 7-də yazıb ki, Rusiya İsrailin “strateji əhəmiyyətli 55 obyektinin yerləşməsi barədə məlumatları İrana ötürüb”. Son bir neçə gün ərzində İran İsrail ərazisində bir neçə mühüm hədəfi, o cümlədən Hayfa neft emalı zavodunu və Eylat limanını vurub.

İsrail nəşrinin məlumatına görə, Rusiya İrana “xüsusilə enerji obyektləri barədə yüksək dəqiqlikli məlumatlar ötürüb”. İsrail regionun heç bir ölkəsindən elektrik enerjisi idxal etmir. Əgər onun elektrik stansiyaları İran raketləri tərəfindən zədələnərsə, bu, “dövlət və hərbi idarəetmə sistemini də əhatə edən zəncirvari böhrana” səbəb olacaq.

Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov bununla bağlı bildirib ki, “milli təhlükəsizliklə bağlı məsələlərin müzakirəsi üçün Rusiya və İsrail çoxdan əlaqələr qurub, bu əlaqələr müvafiq strukturlar səviyyəsində aktiv fəaliyyət göstərir, daha vacib məsələlər isə uyğun səviyyələrdə müzakirə olunur”.

İranın İsrail və ABŞ-yə qarşı müharibəsində Rusiyanın kəşfiyyat məlumatları təqdim etməsi məsələsinə iki həftədən çox əvvəl ABŞ-nin Prezidenti Donald Tramp da toxunmuş və bunu ABŞ-nin Ukraynaya göstərdiyi müvafiq dəstəklə müqayisə etmişdi. İsrail mətbuatında yayımlanan məlumat bu baxımdan yenidir ki, görünür, Netanyahunun hökumətinin Rusiyadan narazılığını ifadə edir.

Ümumiyyətlə, son dövrlərdə Rusiya-İsrail münasibətləri, yumşaq desək, problemli xarakter daşıyır. İsrail tərəfi aylar əvvəl məlumat yaymışdı ki, Livanda “Hizbullah”ın silah anbarlarında Rusiya istehsalı olan silah və sursatlar, o cümlədən tank əleyhinə vasitələr aşkar edilib. Demək çətindir ki, “Hizbullah” bu silahları birbaşa Rusiyadan alıb. Bu Livan qruplaşmasının əsas silah təchizatçısı İrandır.

İsrail Rusiya-Ukrayna müharibəsi məsələsində kifayət qədər təmkin nümayiş etdirir. Ukrayna Prezidenti Volodimir Zelenskinin diplomatik səylərinə baxmayaraq, Netanyahunun hökuməti Kiyevlə hərbi-texnoloji əməkdaşlıq üzrə birbaşa saziş imzalamayıb. Görünür, Rusiyanın İrana kəşfiyyat məlumatları verməsi məsələsi diplomatik kanallar vasitəsilə müzakirə olunur və Rusiya-İsrail münasibətlərinin açıq gərginlik mərhələsinə çatması ehtimalı azdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İsrail  


Bizi "telegram"da izləyin