Ordu.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç məlumat yayıb.
Livan Qızıl Xaçının komissarı Corc Ketane daha əvvəl bildirmişdi ki, İsrailin raket zərbələrindən sonra Beyrutun müxtəlif rayonlarından çox sayda həlak olan və yaralı xəstəxanalara çatdırılır.
“Vəziyyət kritikdir, çoxlu sayda yaralı və həlak olan var, biz insanların xilas edilməsi üçün mümkün olan hər şeyi edirik”, - deyə o, “X” platformasında yaydığı açıqlamada qeyd edib.
Ketanenin sözlərinə görə, şəhərin bütün xəstəxanaları xüsusi rejimə keçib, donor qanının təcili toplanması elan olunub.
Livanın Səhiyyə Nazirliyi bildirib ki, son bir neçə saat ərzində İsrailin Livanın müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində yüzlərlə insan həlak olub və yaralanıb. Bu barədə Qətərin “Al Jazeera” televiziya kanalı Livanın səhiyyə qurumunun açıqlamasına istinadən məlumat yayıb.
Livanın “Milli Xəbər Agentliyi” (NNA) dəqiqləşdirib ki, zərbələr Beyrutun müxtəlif rayonlarına, o cümlədən mərkəzə və sahilə yaxın məhəllələrə, həmçinin Livanın cənubundakı şəhər və kəndlərə, ölkənin dağlıq hissəsinə və şərqdə yerləşən Bəkaa vadisinə endirilib.
Sevinc Əliyeva
Ordu.az