Çin “Çienfan” peyk şəbəkəsinin bir hissəsi olacaq yeni peykləri orbitə buraxdı

2026/04/1775656627.jpg
Oxunub: 374     17:54     08 Aprel 2026    
Çin aşağı Yer orbitində qurduğu və ABŞ-nin “SpaceX” şirkətinin “Starlink” şəbəkəsinə rəqib olmağı hədəfləyən “Çienfan” (Kosmik yelkən) peyk şəbəkəsinin bir hissəsini təşkil edəcək 7-ci peyk qrupunu orbitə göndərib.

Ordu.az “Xinhua” agentliyinə istinadən xəbər verir ki, 18 peykdən ibarət qrup “Long March-8” raketi ilə Haynan adasındakı kommersiya kosmik mərkəzindən buraxılıb.

Şanxay “Spacecom” Peyk Texnologiyaları Şirkəti (SSST) tərəfindən hazırlanmış “Çienfan” peykləri aşağı Yer orbitində qurulan peyk şəbəkəsinin tərkib hissəsi olacaq.

“G60 Starlink” kimi də tanınan layihənin ilk mərhələsində 1296 peykin orbitə yerləşdirilməsi planlaşdırılır, bütün mərhələlər tamamlandıqdan sonra isə 14 min genişzolaqlı internet peykindən ibarət nəhəng peyk şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Çienfan peyk şəbəkəsinin tərkibinə daxil olacaq 18 peyklik qrupların birincisi 2024-cü il avqustun 6-da, ikincisi 2024-cü il oktyabrın 15-də, üçüncüsü 2024-cü il dekabrın 5-də, dördüncüsü 2025-ci il yanvarın 23-də, beşincisi 2025-ci il martın 11-də və altıncısı 2025-ci il oktyabrın 18-də orbitə buraxılmışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Çienfan  


Bizi "telegram"da izləyin