Belə hallardan biri “laohushuoshijie01” adlı Çin sosial media hesabı ilə bağlıdır. Bu hesab martın 14-də F-35 “Lightning II” təyyarəsinin nisbətən aşağı xərcli sistemlər vasitəsilə necə aşkar edilə və hədəfə alına biləcəyini izah edən ətraflı təlimat yayımlayıb.
Fars dilində altyazılarla təqdim olunan video qısa müddətdə Çin və İran sosial media platformalarında sürətlə yayılıb və milyonlarla baxış toplayıb.
“Douyin” və “WeChat” platformalarında yayılan videodan götürülmüş kadrlar F-35-in aşağı xərcli sistemlərlə necə hədəfə alına biləcəyini nümayiş etdirir.
Məlumatlara görə, bu hesabın arxasında duran şəxs Çinin əsas müdafiə tədqiqat müəssisələrindən biri olan Şimal-Qərb Politexnik Universitetində təhsil alıb.
“Görünür ki, o, “Douyin” (“TikTok”un Çin versiyası) və “WeChat” kimi sosial media platformalarında milyonlarla izləyicisi olan əsas fikir lideridir (KOL)”, - deyə Pekində fəaliyyət göstərən siyasi analitik Şen Şivey “TRT World”ə bildirib.

“O, hərbi mövzularla bağlı məzmun yaradır. Fars dilində altyazıların istifadəsi isə çox güman ki, daha geniş qlobal diqqət cəlb etmək və auditoriyasını genişləndirmək məqsədi daşıyır”, - deyə “China Briefing” bülleteninin təsisçisi olan Şen əlavə edib.
Videonun yayımlanmasından beş gün sonra İran Mərkəzi İran üzərində ABŞ-yə məxsus F-35 təyyarəsinə “ciddi ziyan vurduğunu” iddia edib, bu iddia Vaşinqton tərəfindən təkzib edilib. Ardınca isə aprelin 3-də İran tərəfindən F-15E təyyarəsinin vurulması barədə məlumat yayılıb və hər iki ekipaj üzvü ABŞ xüsusi qüvvələri tərəfindən xilas edilib.
Çin mənşəli təlimat videosunun vaxtlaması bu cür məzmunun təsadüf, biliklərin yayılması, yoxsa müasir müharibənin xarakterini formalaşdıran daha geniş rəqəmsal ekosistemin bir hissəsi olub-olmaması ilə bağlı geniş müzakirələrə səbəb olub.
“Onun (laohushuoshijie01) məzmunu hər hansı institutun mövqeyini deyil, şəxsi baxışlarını əks etdirir”, - deyə Şen bildirib və bu cür videoların daha təşkilatlanmış fəaliyyətin bir hissəsi ola biləcəyi ilə bağlı ehtimalları təkzib edib.
Bununla belə, bəzi analitiklər bunu yalnız spontan onlayn fəaliyyət kimi qiymətləndirməməyə çağırır. Ridinq Universitetinin tədqiqatçısı və Beynəlxalq Təhlükəsizlik və İqtisadi Strategiya Mərkəzinin (CISES) üzvü Tahir Mahmud Azad bildirib ki, bu fenomen daha strukturlaşdırılmış informasiya mühitinin tərkib hissəsidir.
“Bu fenomeni təkcə spontan millətçilik kimi dəyərləndirmək olmaz. Çin platformalarında geniş yayılan məzmun - xüsusilə ABŞ-nin rəqiblərini dəstəkləyən texniki hərbi analizlər - ya mövcud dövlət narrativinə xidmət edir, ya da ən azı ona zidd deyil”, - deyə Azad “TRT World”ə bildirib.
OSINT: hərbi biliklərin mülki sahəyə yayılması
Fevralın 28-də ABŞ-İsrailin İrana hücumu ilə başlayan müharibədən sonra Çin onlayn platformalarında mühəndislik, aerokosmik və kompüter elmləri sahəsində təhsili olan istifadəçilər tərəfindən paylaşılan yüksək texniki hərbi analizlərin sayı artıb.
Bu fəaliyyət əsasən qeyri-rəsmi və kommersiya məqsədi daşımayan xarakter daşıyır. Mühəndislər və STEM sahəsində təhsil almış istifadəçilər ABŞ hərbi sistemləri ilə bağlı taktiki izahlar, simulyasiyalar və texniki təhlillər paylaşır (o cümlədən regiondakı ABŞ bazalarının xəritələndirilməsi, Körfəzdə aviadaşıyıcılara qarşı raket strategiyalarının izahı və İranın Xarq adasına mümkün ABŞ çıxarmasına qarşı müdafiə ssenarilərinin modelləşdirilməsi).
Bu məzmun adətən ehtimallara əsaslanır və rəsmi müdafiə kanallarından kənar açıq platformalarda yayılır.
Eyni zamanda açıq mənbə kəşfiyyatı (OSINT) da artan rol oynayır. “X” kimi platformalarda istifadəçilər Körfəzdə yerləşən ABŞ bazalarının yüksək dəqiqlikli peyk görüntülərini paylaşır, təyyarə yerləşdirilməsini, hava hücumundan müdafiə sistemlərini və dəniz hərəkətlərini demək olar ki, real vaxt rejimində izləyirlər.
Bu məlumatlar tez-tez kommersiya peyk məlumatları ilə uçuş izləmə və dəniz siqnallarının birləşdirilməsi nəticəsində ABŞ qüvvələrinin yerləşdirilməsinin yenidən qurulmasına imkan verir.
Çinlə əlaqəli platformalar bu materialları tez-tez gücləndirərək, hava bazaları, dəniz qüvvələri və hava hücumundan müdafiə sistemləri üzrə yerləşdirmələri şərh edən annotasiyalar və süni zəka ilə gücləndirilmiş vizuallar əlavə edir.
Mülki ekspertiza ilə açıq geospatial məlumatların bu birləşməsi müasir münaqişələrdə daha geniş dəyişimi əks etdirir: hərbi əhəmiyyətli bilik artıq yalnız dövlət institutları ilə məhdudlaşmır, getdikcə daha çox mərkəzləşdirilməmiş və transmilliy rəqəmsal şəbəkələr vasitəsilə yaradılır və yayılır.
Azad qeyd edib ki, bu cür məzmunun texniki səviyyəsi sadə iştirakdan daha artıq bir şeyi göstərir. “Radara görünmə sahələrinin, radioelektron mübarizə əks-tədbirlərinin və ya pilotsuz uçuş aparatlarının zəifliklərinin bu cür təhlili təsadüfi deyil. Bu, sahə üzrə bilik və müəyyən koordinasiya tələb edir”, - deyə o bildirib.
Ceyc Meyson Universitetinin professoru Rza Xanzadə də bu fikirlə razılaşıb. O bildirib ki, bu dəstək “strukturlaşdırılmışdır” və Çin-İran münasibətləri uzunmüddətli “mentor tipli tərəfdaşlıq” xarakteri daşıyır.
Onun sözlərinə görə, Çinin İrana dəstəyi daha çox “yumşaq dəstək” formasındadır, yəni açıq hərbi əməkdaşlıqdan yayınmaq üçün qəsdən belə qurulub. “Ekspertlər bilir ki, Çin bu mülki şəxslərə kömək edir, lakin təqdimat forması bunu inkar etməyə imkan verir”, - deyə Xanzadə bildirib.
Şen isə birbaşa koordinasiyanın olmadığını vurğulayıb.
“Mənim bildiyimə görə, bu cür fəaliyyətləri təsdiqləyən etibarlı sübut yoxdur. Dövlət və ya hərbi institutların bu məzmunu dəstəklədiyinə dair aydın göstərici yoxdur”, - deyə o bildirib.
Çinin “BeiDou” sistemi İranın dəqiqliyini artırırmı?
OSINT və mülki analizlərin artması ilə yanaşı, İranın zərbələrinin dəqiqliyinin artmasının Çin texnologiyası ilə, xüsusilə “BeiDou” peyk naviqasiya sistemi ilə əlaqəli olub-olmadığı sualı da gündəmə gəlib.
Bəzi analitiklər İranın “BeiDou” sistemini raket və pilotsuz uçuş aparatı sistemlərinə inteqrasiya edərək hədəfləmə dəqiqliyini artırdığını iddia edir. Bu iddialar təsdiqlənməsə də, tez-tez mümkün izah kimi göstərilir.
Azad bildirib ki, bu cür dəstəyin əhəmiyyəti açıq müdaxilədən çox, əsas infrastrukturdadır. “Çinin dəstəyi görünməz olsa da struktur baxımından həlledicidir”, - deyə o qeyd edib.
O, mikroelektronika, giroskoplar və raket komponentləri kimi ikili təyinatlı məhsulların tədarükünü, həmçinin texnoloji dəstəyin daha dərin formalarını vurğulayıb.
ABŞ-nin Çinin ən böyük yarımkeçirici şirkəti SMIC-in İranın hərbi-sənaye kompleksinə çip istehsal avadanlıqları təqdim etdiyi barədə iddiaları bu dəstəyin daha sistemli xarakter daşıdığını göstərir.
“Bu iddialar struktur baxımından inandırıcıdır. “BeiDou” sanksiyalara davamlı naviqasiya və rabitə infrastrukturu təqdim edir və bu, Pekinin hər bir əməliyyatda açıq iştirakına ehtiyac olmadan İranın dəqiqliyini artırır”, - deyə Azad bildirib.
Onun sözlərinə görə, “BeiDou” sisteminin qısa mesaj funksiyası real vaxt rejimində hədəfləmə və koordinasiya imkanları yaradır.
Xanzadə isə bildirib ki, belə dəstək birbaşa döyüş koordinasiyası formasında deyil, daha çox “yumşaq dəstək”, kəşfiyyat, məlumat və strateji imkanlar şəklində təqdim olunur.
Şen isə bu iddiaları rədd edib. “Mənim bildiyimə görə, İranın silah sistemləri əsasən Rusiya dizaynlarına əsaslanır və texniki baxımdan Çin sistemlərini bu platformalara inteqrasiya etmək asan deyil”, - deyə o bildirib.
Çinin strateji mövqeyi
Çin rəsmiləri və analitikləri Pekinin ABŞ və İsrail ilə müharibədə İrana hərbi dəstək verdiyi iddialarını qəti şəkildə rədd edir.
Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin professoru Qao Cian bildirib ki, Qərb bu məsələdə Çinin mövqeyini yanlış qiymətləndirir.
“Çin İranla normal ikitərəfli münasibətlər saxlayır və qoşulmama, qarşılıqlı fayda və etimad prinsiplərinə əməl edir”, - deyə o bildirib.
Onun sözlərinə görə, Çini anti-Qərb hərbi blokunun bir hissəsi kimi təqdim etmək köhnəlmiş düşüncə tərzidir: “Bu yanaşmalar Soyuq müharibə ideologiyasının təsiri altındadır. Çin heç vaxt tərəf seçmir”.
Qao əlavə edib ki, Çinin İranla münasibətləri eyni zamanda Körfəz ölkələri ilə əlaqələri ilə paralel şəkildə davam edir və bu, hərbi ittifaq kimi qiymətləndirilməməlidir.
Sevinc Əliyeva
Ordu.az