İran Bəb əl-Məndəb boğazını bağlamaqla hədələyir: Bu, dünya ticarətinə necə təsir edər?

2026/04/1775648765.jpg
Oxunub: 562     15:45     08 Aprel 2026    
Əgər bu dar keçid, həmçinin Hörmüz boğazı bağlanarsa, dünya enerjisinin dörddə biri və Asiyanın Avropaya ixracının böyük hissəsi bloklanacaq.

Ali rəhbər Müctəba Xameneyinin yüksək səviyyəli müşaviri xəbərdarlıq edib ki, Tehran faktiki olaraq Hörmüz boğazı ilə etdiyi kimi, İranın müttəfiqləri də Bəb əl-Məndəb dəniz yolunu bağlaya bilər.

Bəb əl-Məndəb Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və qlobal neft ticarəti üçün həyati əhəmiyyətli su yoludur. Onun əhəmiyyəti İranın faktiki olaraq Hörmüz boğazını bağlamasından sonra daha da artıb, sülh dövründə dünya neft və qazının 20 faizi buradan daşınır.

İranın keçmiş xarici işlər naziri və ölkə daxilində təsiri ilə tanınan təcrübəli diplomat Əli Əkbər Velayəti bazar günü “X” sosial şəbəkəsində yazıb ki, “Müqavimət cəbhəsinin vahid komandanlığı Bəb əl-Məndəbə Hörmüzə baxdığı kimi baxır”.

“Oğul evindəki rəhbərlik səhv addımlarını təkrarlamağa cəsarət etsə, tezliklə anlayacaq ki, qlobal enerji və ticarət axını bir addımla pozula bilər”, - deyə Velayəti yazıb. Daha sonra İranın dövlətə məxsus “Press TV” kanalı onun xəbərdarlığını təsdiqləyib.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın bu həftənin çərşənbə günündən etibarən Tehranın Hörmüz boğazını yenidən açmağa razılaşmaması halında İranın elektrik stansiyalarını və körpülərini bombalamaqla bağlı hədələrindən sonra səsləndirilib. İran isə bildirib ki, Hörmüz ABŞ və İsraildən başqa təhlükəsiz keçid üzrə razılaşma aparan ölkələrin gəmiləri üçün açıqdır. Tramp daha əvvəl İranın duzsuzlaşdırma zavodlarını bombalamaqla da hədələmişdi.


Lakin Bəb əl-Məndəb bağlanarsa, bu yalnız davam edən müharibəyə təsir etməyəcək, bu, münaqişənin yaratdığı qlobal enerji təchizatı böhranını daha da ağırlaşdıracaq və dünya üzrə zavodlarda, mətbəxlərdə və yanacaqdoldurma məntəqələrində hiss olunan iqtisadi çətinlikləri dərinləşdirəcək.

Bəb əl-Məndəb boğazı haradadır?

Bu boğaz şimal-şərqdə Yəmən, cənub-qərbdə isə Afrika Buynuzunda yerləşən Cibuti və Eritreya arasında yerləşir.

O, Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və daha sonra Hind okeanına açılır. Ən dar nöqtəsində 29 km enə malikdir ki, bu da giriş və çıxış daşımaları üçün hərəkəti iki kanalla məhdudlaşdırır və faktiki olaraq İranın dəstəklədiyi husilər tərəfindən nəzarətdə saxlanılır.

Yəməndə fəaliyyət göstərən bu qrup İranın “Müqavimət oxu” adlandırdığı, ideoloji və ya taktiki baxımdan Tehranla uyğunlaşan qrupların koalisiyasının əsas hissəsidir və Velayətinin “X”dəki paylaşımında da buna işarə etdiyi görünür.

Enerji ticarəti üçün Bəb əl-Məndəb niyə vacibdir?

Bu, dünyanın ən mühüm dəniz nəqliyyat marşrutlarından biridir.

Boğaz Səudiyyə Ərəbistanının neftini Asiyaya göndərdiyi əsas marşrutdur. Hörmüz boğazı açıq olduğu zaman isə Səudiyyə Ərəbistanından başqa digər Körfəz ölkələrinin də xam neft, qaz və digər yanacaq məhsullarını Süveyş kanalı və ya Misirin Qırmızı dəniz sahilində yerləşən Sumed (Süveyş-Aralıq dənizi) boru kəməri vasitəsilə Avropaya ixrac etməsi üçün mühüm keçid rolunu oynayır.

2024-cü ildə bu boğazdan təxminən 4,1 milyard barrel xam neft və neft məhsulları keçib, bu isə qlobal ümumi həcmin 5 faizini təşkil edir.

Əgər Bəb əl-Məndəb və Hörmüz boğazı eyni vaxtda bağlanarsa, bu, dünya neft və qaz təchizatının 25 faizinin, yəni dörddə birinin bloklanması demək olacaq.

Söhbət yalnız neftdən getmir: qlobal ticarətin təxminən 10 faizi də Bəb əl-Məndəb vasitəsilə həyata keçirilir, o cümlədən Çin, Hindistan və digər Asiya ölkələrindən Avropaya göndərilən konteyner yükləri.

Hörmüz boğazı bağlandıqdan sonra Bəb əl-Məndəbin əhəmiyyəti daha da artıb.

Ənənəvi olaraq neft ixracı üçün əsasən Hörmüz boğazına güvənən Səudiyyə Ərəbistanı getdikcə daha çox Qırmızı dənizdə yerləşən Yanbu limanından istifadə edərək neftini Bəb əl-Məndəb vasitəsilə göndərməyə başlayıb.

Bu məqsədlə Abqaiq neft emalı mərkəzindən Yanbuya qədər uzanan Şərq-Qərb boru kəmərindən istifadə olunur. Uzunluğu 1200 km olan bu boru kəməri Səudiyyə neft nəhəngi “Aramco” tərəfindən idarə olunur.

Enerji analitik şirkəti Kpler-in məlumatına görə, yanvar və fevral aylarında bu boru kəməri vasitəsilə Qırmızı dəniz sahilinə gündə orta hesabla 770 min barrel neft ötürüldüyü halda, mart ayında Hörmüz bağlandıqdan sonra istifadə kəskin şəkildə artırılıb. Martın sonuna qədər kəmərin gündəlik 7 milyon barrel olan maksimum gücündə işlədiyi qeyd olunur.


İran və müttəfiqləri onu necə bağlaya bilər?

Husilər artıq bunun mümkün olduğunu göstəriblər. İsrailin Qəzzaya qarşı müharibəsi zamanı onlar İsrail və ya ABŞ ilə əlaqəli olduğunu bildirdikləri gəmilər üçün Bəb əl-Məndəbi bağlamışdılar.

Tez-tez baş verən hücumlar səbəbindən sığorta şirkətləri təminat verməkdən imtina edib və bu da nəqliyyatın azalmasına gətirib çıxarıb. 2025-ci ilin mayında ABŞ və husilər atəşkəs barədə razılığa gəlib və bundan sonra Yəməndəki qrup boğazı yenidən açıb.

Son günlər isə husilərin Qəzza müharibəsi zamanı olduğu kimi yenidən bu cür pozuntular törədə biləcəyini göstərib.

Martın sonlarından etibarən husilər İsrailə qarşı raketlər və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib və bu, onların hələlik ABŞ-yə qarşı deyil, İsrailə qarşı müharibəyə faktiki olaraq daxil olduğunu göstərir.

ABŞ-nin keçmiş diplomatı Nabil Xuri “Al Jazeera”yə bildirib ki, husilərin İsrailə qarşı raket hücumları “simvolik iştirakdır, tam iştirak deyil”.

“Onlar bir neçə raket ataraq xəbərdarlıq ediblər, çünki mümkün eskalasiya ilə bağlı çoxlu müzakirələr gedir. ABŞ qoşunları bölgəyə doğru hərəkət edir. Əgər razılaşma əldə olunmasa, daha əvvəl görünməmiş miqyasda İrana qarşı hücum ola biləcəyi müzakirə olunur”, - deyə Yəməndə ABŞ səfirliyinin keçmiş müavini bildirib.

Əgər husilər həqiqətən müharibəyə daxil olmaq istəsələr, onların əsas silahı Bəb əl-Məndəbin bloklanması olacaq.

“Onların etməli olduğu yalnız bir neçə gəmini hədəf almaqdır və bu, Qırmızı dənizdə bütün kommersiya daşımalarının dayanmasına səbəb olar. Bu, qırmızı xətt olardı və bundan sonra ABŞ və İsrail tərəfindən Yəmənə qarşı çox tez hücumlar baş verərdi”, - deyə o bildirib.

Bəb əl-Məndəbin bağlanması dünya üçün nə demək olar?

Kembric Universitetinin Qirton kollecinin prezidenti və Yaxın Şərq üzrə mütəxəssis Elizabet Kendall “Al Jazeera”yə bildirib ki, əgər Qırmızı dəniz boğazı bağlanarsa, bu, “dəhşətli ssenari” yaradacaq.

“Çünki əgər eyni vaxtda həm Hörmüz boğazında məhdudiyyətlər varsa, həm də Bəb əl-Məndəbdə gərginlik artırsa, bu, Avropaya yönələn ticarəti ciddi şəkildə pozacaq, hətta iflic edə bilər. Bu, həqiqətən də çox həssas bir vəziyyətdir və növbəti addımlardan asılıdır”, - deyə o bildirib.

Bununla belə, Kendall qeyd edib ki, bu, husilər üçün “əlverişli nöqtə” olsa da, Yəməndəki qrup Səudiyyə Ərəbistanını və ya daha geniş miqyaslı reaksiyanı təhrik etmək istəməyə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Bəb-əl-Məndəb  


Bizi "telegram"da izləyin