ABŞ/İsrail-İran müharibəsində ABŞ-yə məxsus bir çox hava vasitəsi zədələnib

2026/04/1775646202.jpg
Oxunub: 437     15:00     08 Aprel 2026    
ABŞ rəsmilərinin açıqlamaları və mediada yayılan xəbərlər fevralın 28-də başlayan ilk hücumlardan etibarən ABŞ qüvvələrinə məxsus bir çox hava vasitəsinin aldığı zərərin miqyasını ortaya qoyur.

Ordu.az xəbər verir ki, bu zərərlər Yaxın Şərqdə müxtəlif ölkələrdə və döyüş itkiləri, qəzalar və hücumlar kimi müxtəlif hadisələr zamanı baş verib.

Döyüş təyyarələri, pilotsuz uçuş aparatları, yanacaq doldurma təyyarələri və helikopterlərin ümumi dəyərinin 2,8 milyard dolları aşdığı qiymətləndirilir.

İran üzərində uçan 65 milyon dollar dəyərindəki F-15E “Strike Eagle” döyüş təyyarəsi aprelin 3-də İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Təyyarədəki hər iki ekipaj üzvü təhlükəsiz şəkildə katapult edib və daha sonra keçirilən əməliyyatla xilas edilib.

“NBC News” kanalının ABŞ rəsmilərinə istinadən yaydığı xəbərdə, eyni gün 18,8 milyon dollar dəyərindəki A-10 hücum təyyarəsinin də İran səmasında keçirilən əməliyyatlarda itirildiyi bildirilib. Bu hadisə ilə bağlı xilasetmə əməliyyatlarında ABŞ-yə məxsus və hər biri 36 milyon dollar dəyərində olan 2 UH-60 “Black Hawk” helikopterinin də vurulduğu qeyd olunub.

“ABC News” kanalının xəbərində xilasetmə tapşırığına qatılan 2 MC-130J C-130 təyyarəsinin əməliyyat zamanı İranda qaldığı və bütün personal təxliyə edildikdən sonra ABŞ qüvvələri tərəfindən məhv edildiyi bildirilib.

Xəbərdə eyni bölgədə 4 MH-6 “Little Bird” helikopterinin də ələ keçirilməsinin qarşısını almaq üçün məhv edildiyi qeyd olunub. Həmçinin 2 MC-130J C-130 təyyarəsinin ümumi dəyərinin 228,4 milyon dollar, 4 MH-6 “Little Bird” helikopterinin isə 18 milyon dollar olduğu bildirilib.

İlk F-15E-nin vurulması və sonrakı xilasetmə əməliyyatlarında baş verən itkilər müharibə başlayandan bu yana “ABŞ-nin ən ciddi hava vasitəsi itkiləri” kimi qiymətləndirilir.

İtkilər müxtəlif mənbələrdən bildirilir

İran dövlət mediası aprelin 4-də yayımladığı görüntülərdə Küveytdəki bir bazaya təşkil edilən pilotsuz uçuş aparatı hücumu nəticəsində məhv edildiyi iddia olunan 48 milyon dollar dəyərindəki CH-47 “Chinook” helikopterini təqdim edib.

NPR-nin xəbərində İranın martın 27-də Səudiyyə Ərəbistanındakı bir hava bazasına təşkil etdiyi və çoxsaylı ABŞ hərbçisinin yaralandığı hücumda ümumi dəyəri 1,4 milyard dollar olan 2 E-3 “Sentry” təyyarəsinin zədələndiyi bildirilib. Sosial mediada yayılan görüntülərdə bu təyyarələrdən birinin tamamilə məhv edildiyi göstərilib.

“İraq İslami Müqaviməti” adlı təşkilatın martın 23-də yaydığı görüntülərdə İraqın paytaxtı Bağdadda yerləşən bir bazada ABŞ-yə məxsus AN/MPQ-64 “Sentinel” radarını və UH-60 “Black Hawk” helikopterini hədəf alan pilotsuz uçuş aparatı hücumları əks olunub.

“Bloomberg”in xəbərində martın 19-na olan məlumata görə MQ-9 “Reaper” pilotsuz uçuş aparatlarının itkilərinin ən azı 12-yə çatdığı bildirilib. Bunlardan 9-nun İran müdafiə qüvvələri tərəfindən vurulduğu, birinin İordaniyadakı hava limanında vurulduğu, 2-nin isə digər qəzalar nəticəsində itirildiyi qeyd olunub.

Digər tərəfdən açıq mənbələrdə yer alan məlumatlar MQ-9 “Reaper” itkilərinin ümumi sayının daha yüksək ola biləcəyinə işarə edir. Bu pilotsuz uçuş aparatlarının ümumi dəyərinin 380 milyon dolları aşdığı qiymətləndirilir.

CNN-in məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən martın 19-da yaydığı xəbərdə İran üzərində döyüş tapşırığı zamanı İran tərəfindən vurulan F-35 döyüş təyyarəsinin Yaxın Şərqdəki bir ABŞ bazasına təcili eniş etdiyi bildirilib. Bunun 82,5 milyon dollar dəyərindəki təyyarənin aldığı ilk döyüş zədəsi olduğu qeyd olunur.

“Wall Street Journal” qəzetinin martın 14-də ABŞ rəsmilərinə istinadən yaydığı xəbərdə İranın Səudiyyə Ərəbistanındakı hava bazasına təşkil etdiyi raket hücumu nəticəsində hər biri 39,6 milyon dollar dəyərində olan 5 KC-135 yanacaq doldurma təyyarəsinin də zədələndiyi bildirilib.

Bir rəsmi təyyarələrin məhv edilmədiyini və təmir olunduğunu desə də, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məsələ ilə bağlı şərh verməyib.

CENTCOM martın 12-də yaydığı açıqlamada İraqın qərbində 2 təyyarənin iştirak etdiyi hava qəzası nəticəsində KC-135 təyyarəsinin qəzaya uğradığını bildirib.

Açıqlamada hadisənin “düşmən” və ya “dost” atəşi nəticəsində baş vermədiyi və ikinci təyyarənin təhlükəsiz eniş etdiyi qeyd edilsə də, ABŞ mediasında yayılan xəbərlər və görüntülər təyyarənin zədələndiyini ortaya qoyub.

ABŞ-nin müharibədə ilk məlum təyyarə itkiləri Küveytdə baş verib

CENTCOM-un açıqlamasında bildirilir ki, martın 1-də Küveyt səmasında Küveyt hava hücumundan müdafiə sistemləri tərəfindən “səhvən” dost atəşi nəticəsində 3 F-15E döyüş təyyarəsi vurulub və təhlükəsiz şəkildə katapult edən 6 nəfərlik ekipaj xilas edilib.

Bu hadisə “müharibənin başlanmasından bu yana məlum olan ilk ABŞ təyyarə itkisi” kimi qeydə alınıb.

ABŞ-nin Küveytdə vurulan 3 və İranda vurulan 1 F-15E döyüş təyyarəsinin ümumi dəyəri 260 milyon dollara çatıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin