Ordu.az xəbər verir ki, proseslə bağlı məlumatlar “Bloomberg”ə danışan mənbələrə əsaslanır.
“Bloomberg”in məlumatına görə Ankara uzun müddətdir gündəmində olan SAMP/T sistemlərini inventarına daxil etməyi və bu prosesdə birgə istehsal yolu ilə yerli müdafiə sənayesi imkanlarını inkişaf etdirməyi hədəfləyir.
SAMP/T sistemi Fransa-İtaliya ortaq müəssisəsi olan “Eurosam” tərəfindən hazırlanır. Türkiyə daha əvvəl də bu sistemlərlə bağlı təşəbbüslərdə bulunmuş, lakin Fransanın etirazları səbəbindən proses irəliləməmişdi.
Məlumata görə, Türkiyə tərəfi mövcud vəziyyətdə Fransanın yanaşmasının daha müsbət ola biləcəyini qiymətləndirir.
“Bloomberg”ə danışan mənbələr Yaxın Şərqdə baş verən hadisələrin və İran mənşəli raket təhdidlərinin Türkiyənin hava hücumundan müdafiə axtarışlarını sürətləndirdiyini bildirir.
Xəbərdə qeyd olunur ki, NATO elementləri son dövrdə Türkiyəyə yönəlmiş bəzi raket təhdidlərini zərərsizləşdirib və bu inkişaf Ankaranın hava hücumundan müdafiə investisiyalarına təkan verib.
Türkiyənin SAMP/T sistemlərini yerli elementlərlə birlikdə inkişaf etdirdiyi təbəqəli hava hücumundan müdafiə arxitekturasına inteqrasiya etməyi planlaşdırdığı bildirilib.
Bu çərçivədə sistemlərin ictimaiyyətdə “Polad Günbəz” kimi tanınan çoxqatlı hava hücumundan müdafiə quruluşunun mühüm komponenti kimi qiymətləndirildiyi qeyd olunur.
Xəbərdə Türkiyənin yalnız təchizat deyil, eyni zamanda texnologiya transferi və birgə istehsal modelinə fokuslandığı vurğulanır.
Türkiyə ilə “Eurosam” arasında 2018-ci ildə bu istiqamətdə müqavilə imzalanmış, lakin proses siyasi səbəblərdən irəliləməmişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ROKETSAN müəssisələrinin açılışında etdiyi çıxışda təbəqəli hava hücumundan müdafiə sistemlərinin gücləndiriləcəyini bildirərək qeyd edib: “Bu investisiyalarla təbəqəli hava hücumundan müdafiə sistemimizi gücləndirəcək, qanadlı və ballistik raket imkanlarımızı möhkəmləndirəcəyik”.
“Bloomberg”in məlumatına görə Türkiyənin həm yerli istehsal, həm də beynəlxalq əməkdaşlıqlar vasitəsilə hava hücumundan müdafiə imkanlarını artırmağa yönəlmiş çoxşaxəli strategiya həyata keçirdiyi qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az