Ordu.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Livandakı Sülhməramlı Qüvvələrinin (UNIFIL) tərkibində xidmət edərkən həyatını itirən 3 İndoneziya hərbçisi ilə bağlı ilkin araşdırmanın nəticələrini açıqlayıb.
BMT-nin Baş katibinin sözçüsü Stefan Düjarrikin verdiyi məlumata görə, 2026-cı il martın 29-da baş verən ilk hadisədə Praka Farizal Rhomadhon İsrail Müdafiə Qüvvələrinə məxsus Merkava tankından atılan 120 mm çaplı sursat nəticəsində həyatını itirib. BMT-nin 7-1 mövqeyinə yönəlmiş bu hücum zamanı hadisə yerində aparılan fraqment analizləri mərminin şərq istiqamətindən, Ett Taibe bölgəsindən atıldığını dəqiqləşdirib.
Martın 30-da baş verən ikinci hadisədə isə Kapten Inf Zulmi Aditya İsgəndər və Sertu Muhammad Nur İxvan logistik konvoya təşkil olunan hücum nəticəsində həyatını itirib. BMT hesabatı bu ölümün əldəqayırma partlayıcı qurğudan (IED) qaynaqlandığını və partlayıcının qurbanlar tərəfindən aktivləşdirilən tələ mexanizmi (tripwire) olduğunu müəyyən edib. BMT partlayışın xüsusiyyətlərini və bölgədəki hərbi vəziyyəti nəzərə alaraq bu partlayıcının “Hizbullah” tərəfindən yerləşdirildiyini qiymətləndirir.
İndoneziya Prezidenti Prabovodan sərt reaksiya
İndoneziya Prezidenti Prabovo Subianto həyatını itirən hərbçilərdən sonra milli matəm elan edərək hadisəni kəskin şəkildə pisləyib. Sosial media hesabında verdiyi açıqlamada Prabovo sülhü pozmağa yönəlmiş bu “alçaq əməlləri” qınadığını bildirərək rütbələri qiyabi şəkildə artırılan şəhid hərbçilərin ailələrinə başsağlığı verib.
Düjarrik təqdim olunan məlumatların “ilkin nəticələr” olduğunu və tammiqyaslı araşdırmanın davam etdiyini vurğulayıb. BMT prosedurlarına uyğun olaraq hər iki hadisəni dərindən araşdırmaq üçün İstintaq Komissiyası yaradılacaq. Bu prosesdə həm İsrail, həm də “Hizbullah” tərəfləri ilə əlaqə saxlanılaraq hadisələrin arxa planındakı bütün detalların aydınlaşdırılması hədəflənir.
Həyatını itirən hərbçilərin adları isə aşağıdakılardır:
Zulmi Aditya İsgəndər
M. Nur İçvan
Farizal Rhomadhon
Sevinc Əliyeva
Ordu.az