ABŞ XM30 zirehli döyüş maşını üçün 547 milyon dollarlıq tədarük prosesinə başladı

2026/04/1775634289.jpg
Oxunub: 389     11:46     08 Aprel 2026    
ABŞ “Bradley” zirehli döyüş maşınlarını əvəz etməsi planlaşdırılan yeni nəsil XM30 piyada döyüş maşını proqramında tədarük mərhələsinə keçib.

Ordu.az xəbər verir ki, 2027-ci maliyyə ili büdcə tələbində 19 ədəd XM30 üçün ümumilikdə 547 milyon dollarlıq vəsait ayrılması nəzərdə tutulur.

Bu addım uzun illərdir tədqiqat-inkişaf mərhələsində həyata keçirilən proqramın ilk dəfə konkret tədarük maddəsinə çevrildiyini göstərir.

Proqram tədarük mərhələsinə keçir

Pentaqonun büdcə sənədlərinə görə XM30 2026-cı ilə qədər yalnız tədqiqat-inkişaf çərçivəsində maliyyələşdirilirdisə, 2027-ci ildən etibarən birbaşa tədarük proqramı kimi büdcəyə daxil edilib.

Bu inkişaf 2025-ci ilin iyununda verilən “Milestone B” təsdiqindən sonra proqramın istehsal mərhələsinə keçdiyini göstərir, yekun istehsal qərarı mənasını verən “Milestone C” mərhələsinin isə 2028-ci ilin birinci rübündə həyata keçirilməsi planlaşdırılır.

“Bradley”in yerini alacaq yeni nəsil platforma

XM30-un ABŞ-nin uzun müddətdir xidmətdə olan “Bradley” zirehli döyüş maşınlarını əvəz etməsi hədəflənir.

Yeni platformanın yüksək intensivlikli döyüş mühitlərində daha yüksək sağqalma qabiliyyəti, qabaqcıl sensor infrastrukturu və artırılmış atəş gücü təqdim edəcək şəkildə hazırlandığı bildirilir.

50 mm top və qabaqcıl sistemlər

XM30-un əsas silahı kimi “Northrop Grumman” tərəfindən hazırlanmış 50 mm XM913 Bushmaster zəncirli topu önə çıxır. Bu sistemin mövcud 25 mm-lik “Bradley” topu ilə müqayisədə daha yüksək mənzil, nüfuzetmə gücü və dəqiqlik təmin etdiyi qeyd olunur.

Maşında əlavə olaraq:

Tank əleyhinə idarə olunan raketlər
İnsansız və ya uzaqdan idarə olunan qüllə
Qabaqcıl termal görüntüləmə sistemləri
Aktiv qoruma sistemləri
Modul zireh strukturu kimi elementlərin yer alması planlaşdırılır.


Müasir döyüş konsepsiyasına uyğun dizayn

XM30-un müasir döyüş meydanında “ilk görən, ilk vuran” konsepsiyasına uyğun olaraq hazırlandığı bildirilir. Platformanın pilotsuz təhdidlərə, tank əleyhinə bölmələrə və yüngül/orta zirehli hədəflərə qarşı effektivlik təmin edəcək şəkildə dizayn edildiyi qeyd olunur.

Maşında iki nəfərlik heyət və altı piyada daşıma gücü nəzərdə tutulur.

Sənaye və istehsal prosesinə təsiri

Proqram çərçivəsində daha əvvəl təxminən 1,6 milyard dollarlıq prototip inkişaf müqavilələri verilmiş və “General Dynamics Land Systems” ilə “American Rheinmetall Vehicles” şirkətləri yarışda saxlanılmışdı.

Yeni tədarük maddəsi ilə birlikdə XM30 proqramının istehsal infrastrukturu üçün konkret tələbat formalaşdırdığı və müdafiə sənayesi tədarük zəncirinə uzunmüddətli istehsal perspektivi təqdim etdiyi qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   XM30  


Bizi "telegram"da izləyin