Ordu.az xəbər verir ki, razılaşma Vredepeel şəhərində yerləşən Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Komandanlığında rəsmiləşdirilib.
Müqavilə çərçivəsində bir ədəd “Patriot” atəş bölməsinin tədarükü planlaşdırılır. Paketə buraxılış qurğusu, radar, idarəetmə stansiyası ilə yanaşı ehtiyat hissələri və logistika dəstəyi elementləri də daxildir.
Mövcud hava hücumundan müdafiə strukturu genişləndirilir
Niderland rəsmiləri yeni sistemin ölkənin hava hücumundan müdafiə gücünü birbaşa artıracağını bildirərək “Patriot” sisteminin xüsusilə yüksək hündürlük və uzun mənzilli təhdidlərə qarşı effektiv həll təqdim etdiyini vurğulayıb.
Rəsmilər bildiriblər: “Bu tədarük mövcud hava hücumundan müdafiə qabiliyyətlərimizi gücləndirməklə yanaşı sistemlərin davamlılığını və əməliyyat istifadəyə yararlılığını artıracaq”.
Əvvəlki satınalmanın davamı xarakteri daşıyır
Yeni müqavilənin 2025-ci ilin əvvəlində həyata keçirilmiş “Patriot” satınalmasının davamı olduğu qeyd edilib. Bu çərçivədə Niderlandın hava və raketdən müdafiə infrastrukturunu mərhələli şəkildə genişləndirdiyi görünür.
Tədarük prosesinin bir neçə ay kimi qısa müddətdə tamamlandığı bildirilib və bunun Müdafiə Nazirliyi ilə “Raytheon” arasındakı formalaşmış əməkdaşlıq sayəsində mümkün olduğu qeyd olunub.
NATO tapşırıqları baxımından kritik rol
Patriot sistemlərinin yalnız milli müdafiədə deyil, eyni zamanda NATO çərçivəsində müttəfiq ölkələrin qorunmasında da mühüm rol oynadığı bildirilib.
Rəsmilər qeyd ediblər: “Bu sistemlər Niderlandın kollektiv müdafiə öhdəliklərinə töhfə verməyə davam edəcək”.
Təhvil qarşıdakı illərdə həyata keçiriləcək
Sistemin qarşıdakı bir neçə il ərzində təhvil verilərək Quru Qoşunlarının Hava Hücumundan Müdafiə Komandanlığının inventarına daxil edilməsi planlaşdırılır.
Niderlandın bu addımla dəyişən təhlükəsizlik mühitində artan hava və raket təhdidlərinə qarşı hazırlıq səviyyəsini yüksəltməyi hədəflədiyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az