Ordu.az xəbər verir ki, şirkət tərəfindən verilən açıqlamada sözügedən təşəbbüsün yalnız tədarük yönümlü modeldən kənara çıxaraq uzunmüddətli yerliləşdirmə və texnologiya transferini hədəflədiyi vurğulanıb.
Açıqlamada bildirilib: “Bu təşəbbüs Rumıniyanın müdafiə prioritetlərini və sənaye inkişafını dəstəkləmək üçün uzunmüddətli yerliləşdirmə və texnologiya transferinə yönəlmişdir”.
Yerli istehsal və texnologiya transferi önə çıxır
Proqram çərçivəsində Rumıniyada müdafiə sistemlərinin yerli istehsalı hədəflənir, infrastruktur investisiyaları, istehsal müəssisələri və texnologiya transferi proseslərinin inteqrasiya olunmuş şəkildə həyata keçirilməsi planlaşdırılır.
İnvestisiyanın K9 özüyeriyən haubitsa, K10 sursat təchizat vasitəsi və “Redback” zirehli döyüş maşını kimi platformaların istehsalını əhatə edə biləcəyi bildirilir.
10 ildə 14,4 milyard avroluq iqtisadi töhfə
“Hanwha Aerospace” investisiya proqramının qarşıdakı on il ərzində təxminən 14,4 milyard avro iqtisadi dəyər yaradacağının gözlənildiyini açıqlayıb.
Bundan əlavə proqramın 9.400-dən çox birbaşa və dolayı məşğulluq yaradacağı proqnozlaşdırılır.
İstehsal və inkişaf mərkəzləri yaradılacaq
Şirkət Rumıniyada bir neçə istehsal və inkişaf mərkəzi yaratmağı planlaşdırır.
Bu çərçivədə:
K9 və “Redback” platformaları üçün istehsal və sınaq müəssisələri
İnsansız sistemlərin inkişaf mərkəzləri
“Rumıniyada istehsal” konsepsiyası ilə həyata keçiriləcək pilotsuz uçuş aparatı proqramları
İnsansız quru platformaları üçün sənaye infrastrukturu kimi layihələrin reallaşdırılması nəzərdə tutulur.
Bundan əlavə orta və uzun mənzilli raket istehsalının da birgə müəssisələr və texnologiya transferi vasitəsilə yerliləşdirilməsi planlaşdırılır.
İlk təhvil 2026-cı ildə başlayacaq
“Hanwha Aerospace” 2024-cü ildə Rumıniya ilə 54 ədəd K9 haubitsa və 36 ədəd K10 sursat vasitəsi üçün təxminən 1 milyard dollarlıq müqavilə imzalamışdı.
Bu çərçivədə ilk sistemlərin 2026-cı ilin ikinci yarısında sınaq və qiymətləndirmə üçün təhvil verilməsi, ilk partiyanın isə 2027-ci ilin əvvəlində tamamlanması planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az