Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
ROKETSAN-ın baş direktoru Murat İkinci xüsusilə hava hücumundan müdafiə sahəsində inkişaf etdirilən sistemlərə diqqət çəkərək bildirib: “SİPER “Blok 2” raketi 150 kilometr mənzilə malikdir. Hazırda SİPER “Blok 1” inventardadır. “Blok 2” də ən qısa zamanda inventara daxil ediləcək”.
Təbəqəli hava hücumundan müdafiə strukturu gücləndirilir
SİPER, HİSAR və LEVENT sistemlərinin birlikdə Türkiyənin təbəqəli hava hücumundan müdafiə arxitekturasını formalaşdırdığını bildirən İkinci bu strukturun “Polad Günbəz” konsepsiyasının əsas elementi olduğunu vurğulayıb.
İkinci deyib: “Bu sistemlərin əsas məqsədi təbəqəli struktur daxilində Türkiyə hava məkanını bütün təhdidlərə qarşı qorumaqdır”.
ROKETSAN-ın bu struktur daxilində raketlərin hazırlanması və istehsalına cavabdeh olduğunu bildirən İkinci artan təhdid mühiti səbəbindən istehsal gücünün artırılmasının kritik olduğunu qeyd edib.
ATMACA, ÇAKIR və KARA ATMACA aktiv istifadə olunur
Dəniz və quru hədəflərinə yönəlmiş sistemlərə də toxunan İkinci ATMACA gəmiəleyhinə raketi ilə KARA ATMACA qanadlı raketinin inventarda olduğunu bildirib.
ÇAKIR raketi ilə bağlı isə deyib: “150 kilometr mənzilə malikdir, pilotsuz uçuş aparatından buraxıldıqda bu mənzil 200 kilometrə qədər çata bilir”.
Pilotsuz uçuş aparatı sursatları genişlənir
ROKETSAN-ın pilotsuz uçuş aparatı sursat ailəsinin genişləndiyini bildirən İkinci MAM-L, MAM-C və MAM-T sursatlarının aktiv istifadə edildiyini qeyd edib.
İHA-230 sursatına da toxunan İkinci bildirib: “Supersəs sürətləri ilə 150 kilometr mənzildə hədəfləri vura bilir”. O, həmçinin Eren raketinin həm hava, həm də quru hədəflərinə qarşı təxminən 100 kilometr mənzildə effektiv olduğunu vurğulayıb.
“Tayfun Blok 4”ün inventara daxil olması gözlənilir
Ballistik raket layihələri ilə bağlı qiymətləndirmələr aparan İkinci “Tayfun” raketinin mövcud versiyalarının inventarda olduğunu, yeni blok inkişaflarının davam etdiyini bildirib.
“Tayfun Blok 4”ün də bu il inventara daxil olmasını gözləyirik”. - deyə İkinci bildirib və “Bora” ballistik raketinin isə uzun müddətdir təxminən 300 kilometr mənzillə aktiv istifadə edildiyini qeyd edib.
SOM və SUNGUR sistemləri önə çıxır
SOM qanadlı raketinin F-16 döyüş təyyarələrindən istifadə olunan əsas sursatlardan biri olduğunu bildirən İkinci sistemin seriyalı istehsalının davam etdiyini qeyd edib.
SUNGUR hava hücumundan müdafiə raketi ilə bağlı isə deyib: “8-8,5 kilometr mənzildə hədəfləri zərərsizləşdirə bilir. Tək şəxsin istifadə edə bilməsi mühüm üstünlük yaradır”.
İstehsal gücü və ixrac artır
ROKETSAN-ın artan tələblər çərçivəsində istehsal gücünü əhəmiyyətli dərəcədə artırdığını bildirən İkinci istehsalın həftənin 7 günü, günün 24 saatı prinsipi ilə davam etdiyini qeyd edib.
“Biz raket ehtiyatı toplamırıq, istehsal edib Türkiyə Silahlı Qüvvələrinə təhvil veririk. Lakin daha çox istehsal etməliyik”, - deyə İkinci qeyd edib. O, həm daxili, həm də ixrac tələbinin artdığını vurğulayıb.
İkinci həmçinin ROKETSAN-ın həm Türkiyənin, həm də dost və müttəfiq ölkələrin ehtiyaclarını qarşılayacaq şəkildə istehsal gücünü genişləndirməyə davam etdiyini bildirib.
Yeni müəssisələrlə güc artımı hədəflənir
Yeni istehsal müəssisələrinin istifadəyə verilməsi ilə birlikdə gücün daha da artırılacağını bildirən İkinci müdafiə sənayesində davamlı istehsalın əhəmiyyətinə diqqət çəkib.
ROKETSAN-ın həyata keçirdiyi layihələr və istehsal fəaliyyətlərinin Türkiyənin müdafiə qabiliyyətlərini gücləndirməyə yönəlmiş uzunmüddətli strategiyanın əsas elementlərindən biri olduğu qiymətləndirilir.
Sevinc Əliyeva
Ordu.az