Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) onun bəyanatına istinadən məlumat yayıb.
“Mənim istefa vermək və ya ordunun naziri postunu tərk etmək planlarım yoxdur”, - deyə Driskoll bildirib və Donald Tramp administrasiyasında bu vəzifədə xidmət etməyin onun üçün şərəf olduğunu vurğulayıb.
WP qeyd edir ki, bu açıqlama Heqsetlə aralarındakı “bir sıra daxili toqquşmalardan” sonra verilib və bu vəziyyət “bəzi amerikalı rəsmiləri onların birgə işləməsinin mümkünlüyünü şübhə altına almağa vadar edib”.
Eyni zamanda, WP yazır ki, ordunun ictimaiyyətlə əlaqələr üzrə köməkçi naziri Şon Parnell Driskoll istefa verərsə, ordunun naziri vəzifəsini tutmaq istəyini özəl söhbətlərdə bildirib.
Ötən həftə ABŞ Müdafiə Nazirliyi ordunun qərargah rəisi Rendi Corcu, eləcə də iki generalı - Devid Hadnini və Uilyam Qrini vəzifədən azad edib.
Beləliklə, Pentaqon rəhbəri Baş Qərargah Rəisləri Birgə Komitəsini faktiki olaraq tam yenidən formalaşdırıb.
WP mənbələrinin sözlərinə görə, Heqset vitse-prezident Cey Di Vensin yaxın dostu olan Driskoll ilə münaqişə yaşayır.
Lakin nəşrin mənbələrinə görə, “Heqset Driskollu işdən çıxara bilməz”, buna görə də “onun həyatını cəhənnəmə çevirəcək”.
2025-ci ilin yanvarında vəzifəyə gəldikdən sonra Heqset Baş Qərargah Rəisləri Birgə Komitəsinin keçmiş sədri Çarlz Braunu da daxil olmaqla bir neçə generalın vəzifədən uzaqlaşdırılmasını əmr edib.
Ötən aprel ayında Pentaqonun keçmiş mətbuat katibi Con Elliot “Politico”da dərc olunan məqaləsində iddia etmişdi ki, qurum qismən bu vəzifədən azadetmələrə görə “tam xaos” içindədir.
Sevinc Əliyeva
Ordu.az