Ukrayna PUA-ları Voronej vilayətinin ən iri kimya zavodlarından birinə hücum edib

2026/03/1774157271.jpg
Oxunub: 331     12:11     07 Aprel 2026    
Aprelin 6-da axşam Ukraynanın pilotsuz uçuş aparatları Voronej vilayətinin Rossosh şəhərində yerləşən “Minudobreniya” zavoduna hücum edib. Hücum nəticəsində hazır məhsul anbarının damında yanğın baş verib.

Ordu.az xəbər verir ki, bu barədə “Astra”nın araşdırdığı yerli sakinlərin videogörüntülərndən məlum olub.

Vilayət qubernatoru Aleksandr Qusev vilayətin “rayonlarından birinə” altı pilotsuz uçuş aparatının hücum etdiyini təsdiqləyib. Onun sözlərinə görə, vurulan pilotsuz aparatın qalıqlarının düşməsi nəticəsində “anbarın damı alovlanıb”. Bir nəfər xəsarət alıb, o, yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

“Minudobreniya” ASC Voronej vilayətinin ən iri kimya müəssisələrindən biridir. Zavod “Rosxim” ASC-nin idarəçiliyi altındadır. Daha əvvəl KİV-lər müəssisəni iş adamı Arkadi Rotenberqlə əlaqələndirirdilər. O, Vladimir Putinin yaxın dostudur və beynəlxalq sanksiyalar altındadır. Açıq məlumatlara görə, “Minudobreniya”nın gücü ildə 550 min tondan çox ammonium nitrat və 1,2 milyon tona qədər nitroammofoska istehsal etməyə imkan verir. Ammonium nitrat digər sahələrlə yanaşı partlayıcı maddələrin hazırlanmasında da istifadə oluna bilər. Daha əvvəl, ötən ilin dekabrın 13-də müəssisə artıq hücuma məruz qalmışdı.

Ukraynanın Silahlı Qüvvələri ötən ilin ortalarından etibarən pilotsuz aparat zərbələrini Rusiyanın enerji infrastrukturuna, hərbi zavodlara və kimya müəssisələrinə yönəldib, çünki bunlar silah istehsalı üçün xammal təmin edə bilər. Aprelin 4-də pilotsuz uçuş aparatlarının Samara vilayətinin Tolyatti şəhərində yerləşən iki kimya zavoduna, “Tolyattikauçuk” və “KuybışevAzot” müəssisələrinə hücum etdiyi bildirilmişdi. Onlardan birincisi sintetik kauçuk və şinlər, eləcə də rezin-texniki məhsullar üçün komponentlər istehsal edir, ikincisi isə azot gübrələri, kaprolaktam və poliamidlər istehsal edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA  


Bizi "telegram"da izləyin