Ukraynanın raket istehsalçısı 2027-ci ilə qədər “oyunu dəyişəcək” HHM sistemi hazırlamağı hədəfləyir

2026/04/1775505262.jpg
Oxunub: 547     23:51     06 Aprel 2026    
Ukraynanın “Flamingo” qanadlı raketinin istehsalçısı olan “Fire Point” şirkəti gələn il yeni hava hücumundan müdafiə sistemi yaratmaq üçün Avropa şirkətləri ilə danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters”ə şirkətin yüksək vəzifəli rəhbəri məlumat verib.

O bildirib ki, bu sistem getdikcə əldə olunması çətinləşən “Patriot” sisteminə daha ucuz alternativ olacaq.

Hökumətlər Ukrayna və İran müharibələrinin qlobal sabitliyi pozduğu bir dövrdə öz hava məkanlarını qorumağa çalışarkən, “Fire Point” şirkətinin həmtəsisçisi və baş konstruktoru Denis Ştilerman bildirib ki, şirkət ballistik raketin məhv edilməsi xərclərini 1 milyon dollardan aşağı salmağı hədəfləyir.

Ştilerman həmçinin bildirib ki, “Fire Point” Yaxın Şərqdə fəaliyyət göstərən bir konqlomeratın şirkətə 2,5 milyard dollar dəyər verən investisiyası üçün hökumət təsdiqini gözləyir. Bu investisiya aşağı orbitli peyklərin buraxılması da daxil olmaqla yeni biznes imkanları açacaq.

Rus qüvvələrinə qarşı döyüşlərdə əldə edilən uzun illərin təcrübəsi Ukraynanı aşağı maliyyətli müdafiə texnologiyalarında aparıcı innovatorlardan birinə çevirib. Körfəz regionunda müharibənin başlaması ilə Kiyev bu təcrübədən istifadə edərək region ölkələri ilə təhlükəsizlik sazişləri imzalayıb.

Bir çox ukraynalı müdafiə şirkəti artıq artıq istehsal güclərini ixrac etməyə və qlobal hərbi xərclərin artımından faydalanmağa çalışır. Hökumət bu yaxınlarda müharibə dövründə ixrac məhdudiyyətlərini yumşaltsa da, hər bir müqavilə hələ də ciddi yoxlamalardan və dövlət təsdiqindən keçir.

“Patriot” sisteminə alternativ hazırlanır

Ukrayna və Qərbin bir çox müttəfiq ölkələri ballistik raketlərə qarşı müdafiə üçün əsasən ABŞ istehsalı olan “Patriot” sisteminə güvənir.

Lakin İran hücumlarına qarşı Körfəz regionunda geniş şəkildə istifadə edilməsi səbəbindən “Patriot” raketlərinin ehtiyatı getdikcə azalır. Avropanın yeganə ballistik raket əleyhinə sistemi olan İtaliya-Fransa istehsalı SAMP/T isə nisbətən az sayda istehsal olunur.

Ştilermanın sözlərinə görə, “Raytheon” və “Lockheed Martin” tərəfindən istehsal olunan “Patriot” sistemi ballistik hədəfi vurmaq üçün çox vaxt hər biri bir neçə milyon dollar dəyərində olan iki və ya üç hava hücumundan müdafiə raketi tələb edir.

“Əgər biz bu xərci 1 milyon dollardan aşağı sala bilsək, bu, hava hücumundan müdafiə həllərində oyunu dəyişən amil olacaq. Biz 2027-ci ilin sonuna qədər ilk ballistik raketi vurmağı planlaşdırırıq”, - deyə o müsahibəsində bildirib

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Fire-Point  


Bizi "telegram"da izləyin