MKİ-nin keçmiş direktoru: “ABŞ Ukraynadan “tamamilə yeni müharibə konsepsiyası” öyrənməlidir”

2026/04/1775502965.jpg
Oxunub: 484     23:14     06 Aprel 2026    
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Petreus 2022-ci ildə Rusiyanın işğalından bəri 10 dəfə Ukraynaya səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yaylb.

O, ötən həftə baş tutan son səfəri zamanı “CBS News”a bildirib ki, Rusiya artıq “üstünlüyə malik deyil”.

“Son iki ay ərzində ukraynalılar əslində ruslardan daha çox mərhələli irəliləyiş əldə ediblər”, - deyə ehtiyatda olan ABŞ ordusu generalı Petreus Kiyevdə cəbhə xəttinə yaxın bölmələri ziyarət etdikdən sonra verdiyi müsahibədə qeyd edib.

Petreus qeyd edib ki, Rusiyanın canlı qüvvə, atəş gücü və iqtisadi miqyas baxımından üstünlükləri nəzərə alınsa, bu qiymətləndirmə inandırıcı görünməyə bilərdi. Lakin o hesab edir ki, Ukrayna bu çatışmazlıqları pilotsuz sistemlərdəki innovasiyalarla kompensasiya edib.

Onun sözlərinə görə, Ukraynanın üstünlüyü təkcə dronların özündə deyil, onların ətrafında qurulan sistemdədir.

“Əsl dahilik onların bütün bunları necə bir araya gətirməsindədir”, - deyə Petreus bildirib. O, müşahidə, hədəfləmə və zərbə imkanlarını birləşdirən “ümumi komanda və idarəetmə ekosistemi”nə diqqət çəkib. “CBS News”a texnologiya ilə tanış mühəndisin sözlərinə görə, bu sistemin mərkəzində mövqeləri, hədəfləri və digər vacib məlumatları göstərən rəqəmsal xəritə rolunu oynayan Ukraynanın Delta döyüş idarəetmə platforması dayanır və bu, bir növ “hərbi “Google” xəritələri” kimi fəaliyyət göstərir.

Bu inteqrasiya ukraynalı qüvvələrə cəbhə xəttindən təxminən 20 mil məsafədə demək olar ki, tam müşahidə və zərbə imkanları verir. Petreus bildirib ki, o, cəbhədə bir qarşıdurmanı izləyərkən rus əsgərinin fasiləsiz olaraq müşahidə dronları ilə izlənildiyini, daha sonra isə hücum dronlarının işə salındığını görüb.

“Əgər bu döyüş meydanında müşahidə olunursunuzsa və tez bir zamanda dərin şəkildə gizlənmiş mövqeyə keçə bilmirsinizsə, bu yaxşı nəticələnməyəcək”, - deyə o bildirib.

Ukrayna həmçinin ucuz birinci şəxs baxışlı dronların istehsalını Qərb ordularından xeyli sürətli şəkildə artırır. Petreusun ötən həftə ziyarət etdiyi ukraynalı istehsalçılardan biri ona bildirib ki, bu il təkcə 3 milyon dron istehsal etməyi planlaşdırır. Müqayisə üçün, ABŞ ötən il təxminən 300 min dron istehsal edib.

Petreusun sözlərinə görə, süni zəka bu innovasiyaları daha da sürətləndirəcək. Hazırda pilotsuz uçuş aparatı müharibəsi radioelektron mübarizə ilə məhdudlaşır. Cəbhə xətti ətrafında təxminən 20 mil məsafədə uzaqdan idarə olunan FPV tipli pilotsuz uçuş aparatları ilə dolu ərazilərdə tərəflər pilotsuz uçuş aparatları ilə operatorlar arasındakı əlaqəni boğur və bu da onların effektivliyini azaldır. Həll yollarından biri kimi fiber-optik dronlar tətbiq olunur ki, bunlar operatorlarla uzun kabel vasitəsilə əlaqə saxlayır. Lakin belə dronların uçuş məsafəsi və kabel uzunluğu məhduddur.

Pilotsuz uçuş aparatlarının GPS əlaqəsi əvəzinə alqoritmlər vasitəsilə idarə olunması bu məhdudiyyətləri aradan qaldıra bilər. “Gələcəkdə alqoritmik şəkildə idarə olunan və siqnalı boğula bilməyən dronlar olacaq”, - deyə Petreus bildirib. Onun sözlərinə görə, bu sistemlər GPS-dən asılılığı azaltmaqla güclü radioelektron mübarizə şəraitində belə fəaliyyət göstərə biləcək. Bu texnologiya həmçinin operatorlara eyni anda birdən çox dronu idarə etməyə imkan verəcək.

Petreus əlavə edib ki, yaxın gələcəkdə insanın missiyanı müəyyənləşdirdiyi, lakin icranın maşınlar tərəfindən həyata keçirildiyi tam avtonom sistemlər də meydana çıxa bilər.

MKİ-nin keçmiş direktoru bildirib ki, ABŞ Ukraynadan “tamamilə yeni müharibə konsepsiyası” öyrənməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna   MKİ  


Bizi "telegram"da izləyin