Ordu.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin qəbul etdiyi qərarla Fransa ilə həyata keçirilən bütün müdafiə sazişlərinin ləğv edildiyi və hərbi texnika satınalmalarının tamamilə dayandırıldığı bildirilib.
İsrail tərəfi açıqlayıb ki, bu qərar Fransanın İrana qarşı əməliyyatlar zamanı hava məkanını İsrail təyyarələrinin istifadəsinə açmamasından sonra qəbul edilib. Həmçinin Fransanın müdafiə naziri Ketrin Votren ilə bütün rəsmi təmasların kəsildiyi qeyd olunub.
Qərarın səbəbi: hava məkanı böhranı və artan gərginlik
İsrail mətbuatında yer alan məlumatlara görə, iki ölkə arasındakı münasibətlər xüsusilə 2023-cü ilin oktyabrında Qəzzada başlayan prosesdən sonra getdikcə gərginləşib. Fransanın İsrailə qarşı bəzi müdafiə sərgiləri üzrə məhdudiyyətlər tətbiq etməsi və Birləşmiş Millətlər Təşkilatı çərçivəsində gündəmə gətirilən silah embarqosu təşəbbüslərinə dəstək verməsi münasibətlərdə gərginliyi artıran amillər sırasında göstərilib.
Son olaraq Fransanın İrana qarşı əməliyyatlar çərçivəsində hava məkanını İsrail təyyarələrinə bağlaması böhranı yeni mərhələyə keçirib.
Bütün müdafiə satınalmaları sıfıra endiriləcək
İsrail Müdafiə Nazirliyinin baş direktoru Amir Baram Fransanın mövqeyinə sərt reaksiya verib. Baram Fransanın siyasətini “düşməncəsinə” adlandıraraq İsrail müdafiə sənayesinə qarşı ticari təcrid tətbiq olunduğunu iddia edib.
Nazirlik tərəfindən yayılan açıqlamada isə belə deyilir:
İsrail Fransadan həyata keçirdiyi bütün müdafiə satınalmalarını sıfıra endirəcək və bunun əvəzinə yerli təchizata və ya müttəfiq ölkələrdən alınan məhsullara üstünlük verəcək.
Açıqlamada həmçinin Fransa ordusu ilə yeni peşəkar əməkdaşlığın qurulmayacağı da vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az