Seul Kim Çen Inın qızını varisi kimi nəzərdən keçirdiyini bildirib

2026/04/1775483480.jpg
Oxunub: 514     17:44     06 Aprel 2026    
Şimali Koreya lideri Kim Çen In ehtimal ki, hakimiyyətin özündən sonra qızı Kim Çju E-yə keçəcəyini düşünür.

Ordu.az xəbər verir ki, bu barədə bazar ertəsi “Yonhap” agentliyi Cənubi Koreya kəşfiyyat məlumatlarına istinadən xəbər yayıb.

“Son vaxtlar Kim Çju E müdafiə sənayesi ilə bağlı müəssisələrdə keçirilən tədbirlərdə iştirak edir. Bu, qadın varisə münasibətdə mövcud şübhələri azaltmaq və hakimiyyətin ötürülməsi narrativinin formalaşdırılmasını sürətləndirmək cəhdi kimi qiymətləndirilir”, - deyə Milli Kəşfiyyat Xidmətinin (NIS) bəyanatında qeyd olunub, bu barədə Cənubi Koreya parlamentinin deputatları məlumat verib.

Cənubi Koreya kəşfiyyatının (NIS) məlumatına görə, Kim Çen Inın bacısı Kim Yo Con, mətbuatda tez-tez ölkənin ikinci şəxsi adlandırılsa da, əslində geniş səlahiyyətlərə malik deyil. Onun ölkənin növbəti lideri olma ehtimalı da azdır.

Kim Çen In 2022-ci ildən etibarən mütəmadi olaraq ictimai tədbirlərdə qızı ilə birlikdə görünür. Ötən ay Şimali Koreya lideri yeni döyüş tanklarının iştirakı ilə keçirilən təlimləri izləyib və həmin vaxt Kim Çju E-nin tank idarə etdiyini göstərən fotolar yayılıb. Bundan əlavə, Kim Çen Inın qızı adətən atası ilə birlikdə hərbi paradlarda və dövlət tədbirlərində iştirak edir. Vaxtaşırı olaraq Şimali Koreya KİV-ləri Kim Çen In və Kim Çju E-nin birgə işgüzar səfərləri barədə də məlumatlar yayır.

Şimali Koreya hakimiyyəti 42 yaşlı liderin şəxsi həyatı ilə bağlı çox məhdud məlumat açıqlayır. Xarici açıq mənbələrə görə onun üç övladı var, lakin ictimaiyyət qarşısına yalnız Kim Çju E çıxır.

Koreya Xalq Demokratik Respublikasında Kim Çju E-nin yaşı ilə bağlı dəqiq məlumat yoxdur. Onun 12-14 yaşlarında olduğu ehtimal edilir. Qız barədə məlumat mənbələrindən biri də bir neçə il əvvəl Şimali Koreyada Kim Çen In və ailəsi ilə görüşən ABŞ-li keçmiş basketbolçu Dennis Rodmandır.

Kim Çen Inın həyat yoldaşı, keçmiş müğənni Li Sol Çju barədə də məlumatlar açıqlanmır. Xarici mənbələrə görə onun yaşı 36-41 arasındadır.

Qərb KİV-ləri mütəmadi olaraq Kim Çen Inın varisi ilə bağlı materiallar dərc edir. Bu cür ehtimallar çox vaxt onun sağlamlıq problemləri ilə bağlı ola biləcəyi və gələcəkdə hakimiyyəti ötürməyə məcbur qalacağı ilə əsaslandırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kim-Çen-In   KXDR  


Bizi "telegram"da izləyin