Almaniya hərbi xidmət yaşında olan kişilərin xaricə çıxışına dair tənzimləməni dəqiqləşdirməyə çalışır

2026/04/1775460175.jpg
Oxunub: 391     11:21     06 Aprel 2026    
Almaniyada qüvvəyə minən yeni hərbi xidmət qanunu çərçivəsində 17-45 yaş aralığındakı kişilərin üç aydan artıq müddətə xaricdə qalması üçün icazə alma məcburiyyətinin tətbiqi müzakirələrə səbəb olub.

Ordu.az xəbər verir ki, səlahiyyətli şəxslər sözügedən tənzimləmə ilə bağlı tətbiq detallarını dəqiqləşdirmək üçün işlərin davam etdiyini açıqlayıb.

Yanvarda qüvvəyə minən qanun nəzəri baxımdan milyonlarla kişini əhatə etsə də, ictimaiyyətdə məhdud diqqət çəkmişdi. Lakin yerli mətbuatda yayımlanan xəbərlərdən sonra tənzimləmə geniş şəkildə gündəmə gətirildi.

Müdafiə Nazirliyi: Hərbi xidmət könüllülük prinsipi əsasında həyata keçirilir

Almaniya Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada ölkədə hərbi xidmətin hələ də könüllülük prinsipi əsasında həyata keçirildiyi vurğulanaraq, tətbiqin məcburi hərbi xidmət mənasına gəlmədiyinin altı xüsusi olaraq cızılıb.

Nazirliyin sözçüsü bildirib: “Təsdiq prosesinə dair istisnaların necə tətbiq ediləcəyini müəyyənləşdirmək üçün detallı tənzimləmələr üzərində işləyirik. Məqsəd lazımsız bürokratiyanın qarşısını almaqdır”.

Həmin açıqlamada tənzimləmənin əsas məqsədinin böhran və ya fövqəladə vəziyyət ssenarilərində xaricdə olan potensial insan resursunun izlənilməsini təmin etmək olduğu qeyd edilib. Sözçü qeyd edib: “Fövqəladə vəziyyətdə uzun müddət xaricdə olan şəxslərin kimlər olduğunu bilməyimiz lazımdır”.

Bundesver hədəfi böyüdür

Qanun dəyişikliyinin Bundesverin şəxsi heyət sayını artırmaq hədəfi ilə birbaşa əlaqəli olduğu düşünülür. Almaniya hazırkı təxminən 183 min aktiv hərbçi sayını 2035-ci ilə qədər 260 minə çatdırmağı planlaşdırır.

Fridrix Merts daha əvvəl verdiyi açıqlamalarda ölkənin mümkün olan ən qısa müddətdə öz müdafiəsini təmin edə biləcək potensiala çatmasının vacibliyini və bunun üçün daha çox əsgərə ehtiyac olduğunu vurğulamışdı.

Bu yanaşma Avropada artan təhlükəsizlik narahatlıqları və xüsusilə Rusiya ilə yaşanan gərginliklər kontekstində qiymətləndirilir. Berlin rəhbərliyi uzun illər ərzində müdafiə sahəsində ABŞ-yə olan asılılığın azaldılmasının vacibliyini daha qəti şəkildə dilə gətirir.

Müxalifətdən tənqid

Yeni tənzimləmə siyasi arenada da müzakirələrə səbəb olub. Müxalifət partiyaları qanunun tətbiq detallarının kifayət qədər aydın olmaması səbəbindən ictimaiyyətdə qeyri-müəyyənlik yaratdığını müdafiə edir.

Tənqidlərdə xüsusilə icazə mexanizminin necə işləyəcəyi və kimlərin bu tələbdən azad tutulacağı məsələsində aydınlığın olmamasına diqqət çəkilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin