Ukrayna PUA-ları Krasnodar diyarına hücum edib: Novorossiyskdə səkkiz yaralı var

2026/03/1774944318.jpg
Oxunub: 334     10:45     06 Aprel 2026    
Novorossiyskdə Ukraynanın pilotsuz uçuş aparatlarının hücumu nəticəsində səkkiz nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.

Onun sözlərinə görə, aprelin 5-i səhər saatlarından etibarən region pilotsuz uçuş aparatlarının kütləvi hücumuna məruz qalır. Novorossiysk, Anapa, Gelencik, Soçi və digər şəhərlərdə həyəcan siqnal sistemləri işə düşüb.

Kondratyev bildirib ki, ən mürəkkəb vəziyyət Novorossiyskdədir və yaralanan səkkiz nəfər arasında iki uşaq da var. Bütün yaralılar xəstəxanaya yerləşdirilib.

Qubernatorun sözlərinə görə, pilotsuz uçuş aparatlarının hücumu nəticəsində şəhərdə altı çoxmənzilli bina və iki fərdi yaşayış evi zədələnib. Pilotsuz uçuş aparatlarının qalıqları bir neçə müəssisənin ərazisində aşkar edilib.

Krasnodar diyarının operativ qərargahı dəqiqləşdirib ki, pilotsuz uçuş aparatının qalıqları Novorossiyskin Cənub rayonunda yerləşən çoxmənzilli binalardan birinin üzərinə düşüb.

“Astra” nəşri sosial şəbəkələrdə yayımlanan videoları təhlil edərək belə nəticəyə gəlib ki, Novorossiyskdə hücumun hədəflərindən biri də neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi ilə məşğul olan “Şesxaris” neft terminalı olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   PUA  


Bizi "telegram"da izləyin