Ordu.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb.
Məlumata görə, görüşdə müdafiə əməkdaşlığı və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub.
Zelenskinin sözlərinə görə, Dəməşqdə iki görüş, biri ikitərəfli formatda, Suriya prezidenti Əhməd əl-Şaraa və iki liderin komandalarının iştirakı ilə, digəri isə üçtərəfli formatda keçirilib. Sonuncuda Ukrayna, Suriya və Türkiyə nümayəndələri iştirak ediblər.
“Təhlükəsizlik və müdafiə məsələlərindən, İran ətrafındakı hadisələr səbəbindən regionda yaranmış vəziyyətdən tutmuş ölkələrimiz arasında enerji və infrastruktur əməkdaşlığınadək hər şeyi müzakirə etməyə nail olduq. Ərzaq təhlükəsizliyi istiqamətində də işi davam etdirəcəyik”, - deyə Zelenski əminliklə bildirib.
O qeyd edib ki, Ukrayna ilə Rusiya arasında danışıqlar prosesi də müzakirə olunub. Zelenski səfər zamanı Ukrayna nümayəndə heyətini salamlayan suriyalılara təşəkkürünü bildirib.
“Ukrayna Əsəd rejimi devrildikdən sonra yeni Suriyanı dəstəkləyən ilk ölkələrdən biri olub. Gələcəkdə də sabitliyə və inkişafa dəstək verməyə hazırıq. Xalqlarımızın, ölkələrimizin daha güclü olması və iqtisadiyyatlarımızın da daha qüvvətli ola bilməsi üçün birlikdə daha çox çalışacağıq”, - deyə o əlavə edib.
Xatırladaq ki, aprelin 5-də Ukrayna prezidenti Volodimir Zelenski təhlükəsizlik və iqtisadi qarşılıqlı fəaliyyətlə bağlı danışıqlar aparmaq üçün rəsmi səfərlə Suriyaya gəlib. Bu, 2002-ci ildən etibarən Ukrayna prezidentinin Suriyaya ilk səfəridir. Həmin vaxt Ukraynanın o zamankı lideri Leonid Kuçma o dövrdə hələ prezident olan Bəşər Əsədlə görüşmüşdü.
Daha sonra Zelenski Suriya prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar apardığını bildirib. Ukrayna prezidentinin sözlərinə görə, ölkələr arasında keçirilən görüşün nəticələri, xüsusilə hərbi təcrübə mübadiləsi, müdafiə əməkdaşlığı və təhlükəsizliklə bağlı razılaşmalardır.
Sevinc Əliyeva
Ordu.az