Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
İstintaq materiallarına daxil edilən Jandarma Baş Komandanlığının kriminal hesabatında qalıqlar üzərində aparılan ilkin texniki araşdırmaların nəticələri yer alıb.
Hesabatda təyyarənin qəzaya uğramasına səbəb ola biləcək xarici mənşəli partlayış və ya sursat təsirinə dair heç bir izə rast gəlinmədiyi qeyd olunaraq belə deyilib:
“Təyyarənin yaxınlığında partlayan hər hansı bir sursatın yaradacağı qəlpə izinə və sursatın dəyməsi nəticəsində yaranacaq zədələnmə izinə rast gəlinməyib. Əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində yaranacaq partlayış izinə və ya hər hansı partlayıcı qurğu və onun elementlərinə də rast gəlinməyib”.
Həmçinin araşdırmalar zamanı yanğını başlada biləcək neft mənşəli və ya yanmanı sürətləndirən hər hansı maddənin aşkar olunmadığı bildirilib.
Kimyəvi analiz nəticələri də təmizdir
Qalıqlar üzərində aparılan element analizlərində də şübhəli hər hansı kimyəvi maddə aşkar edilmədiyi qeyd olunub. Bu nəticələr qəzanın baş verməsində xarici müdaxilə ehtimalına dair heç bir texniki sübut olmadığını göstərir.
İstintaq beynəlxalq əməkdaşlıqla aparılır
2025-ci il noyabrın 11-də Kaxetidə baş verən qəza ilə bağlı istintaqın Türkiyə ilə Gürcüstan arasında əməkdaşlıq çərçivəsində davam etdiyi bildirilib.
Sübutların toplanması, qalıqların araşdırılması və şahid ifadələrinin alınması proseslərinin beynəlxalq prosedurlara uyğun şəkildə həyata keçirildiyi, əldə olunan materialların gizlədilmədən Türkiyəyə gətirildiyi qeyd olunub.
Şəhidlərin cəsədləri Türkiyəyə gətirilib
Qəzada həlak olan 20 hərbçinin cəsədlərinin A400M tipli təyyarə ilə Tbilisidən Ankaradakı Mürted Hava Meydanına gətirildiyi və Məhkəmə-Tibbi Ekspertiza Qurumu tərəfindən aparılan araşdırmaların tamamlandığı bildirilib.
Qəzanın səbəbi araşdırılır
Qəzanın dəqiq səbəbi ilə bağlı texniki araşdırmaların Hərbi Hava Qüvvələri Komandanlığı tərəfindən davam etdirildiyi qeyd olunub.
Bu çərçivədə TÜBİTAK, TUSAŞ və MKE mütəxəssislərinin də yer aldığı qruplar tərəfindən toplanmış məlumatların analiz edildiyi bildirilib.
Araşdırmalar tamamlandıqdan sonra qəza ilə bağlı ilkin və yekun hesabatların hazırlanacağı gözlənilir.
Rəqəmsal araşdırmalar davam edir
İstintaq çərçivəsində həmçinin qəzada həyatını itirən şəxslərə məxsus rəqəmsal materiallar və telefonlar üzərində aparılan araşdırmaların davam etdiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az