Rusiyalı politoloq: “Paşinyanın Moskvaya səfəri Rusiyanın səbrinin tükəndiyini göstərdi”

2026/04/1775206400.jpg
Oxunub: 468     12:47     03 Aprel 2026    
“Ermənistanın Rusiya ilə münasibətlərinin tam şəkildə pozulması ölkə üçün taleyüklü ola bilər”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Ali İqtisadiyyat Məktəbinin Avropa və beynəlxalq tədqiqatlar mərkəzinin elmi-tədqiqat universitetinin direktor müavini Dmitri Suslov İrəvanda keçirilən dəyirmi masa zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya geosiyasi rəqiblərin əsas çəkindirmə amili olaraq qalır və onun olmaması yeni müharibəni demək olar ki, qaçılmaz edər.

Dmitri Suslovun fikrincə, Ermənistanın hazırkı hakimiyyəti dövründə ölkənin siyasəti diversifikasiya olunmur, əksinə, Qərbə yönəlmiş kurs götürüb. Eyni zamanda Avrasiya İqtisadi Birliyində iştirak məcburi kimi təqdim olunur və tədricən arxa plana keçir.

“Bu kurs Ermənistanın AİB-dən çıxmasına, Gümrüdəki rus hərbi bazasının çıxarılmasına və Rusiya ilə münasibətlərin pisləşməsinə, eyni zamanda Azərbaycan, Türkiyə, Aİ və ABŞ ilə münasibətlərin yaxşılaşmasına gətirib çıxarır. Bütün bunlar Ermənistanla Rusiya arasında münasibətlərin tam qırılmasını zaman məsələsinə çevirir. Rusiya bunu diversifikasiya kimi deyil, rəqib tərəfə tədricən keçid kimi qəbul edir və həmin tərəfin öz planlarını gizlətmədiyini, müharibəyə hazırlaşdığını hesab edir”, - deyə o bildirib.

Rus politoloq qeyd edib ki, Ermənistan Baş naziri Paşinyanın yaxın zamanda Moskvaya səfəri Rusiyanın səbrinin tükəndiyini göstərib.

“Soyuq müharibə şəraitində Moskva vəziyyətin gərginləşməsində maraqlı deyil, lakin Ermənistanın Qərbə doğru uzaqlaşmasını sadəcə izləmək niyyətində də deyil və buna görə də seçim etməyi tələb edir. Politoloqun fikrincə, mövcud geosiyasi reallıqları nəzərə alaraq, İrəvan ən azı Rusiya ilə münasibətlərin qorunmasında maraqlı olmalı, ideal halda isə yaxınlaşmaya çalışmalıdır. Çünki yalnız yaxşı münasibətlər və Rusiyanın Gümrüdəki hərbi bazasının mövcudluğu Ermənistanın təhlükəsizliyini təmin edir”, - deyə o vurğulayıb.

Politoloq bildirib ki, Qərb üçün Ermənistan və ümumilikdə Cənubi Qafqaz Rusiyaya qarşı mübarizədə sadəcə bir vasitədir.

O həmçinin qeyd edib ki, Ermənistanın özünü müdafiə imkanlarının zəifliyi və İranın zəifləməsi ölkənin mövqeyini son dərəcə qeyri-sabit edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suslov   Ermənistan  


Bizi "telegram"da izləyin