Ermənistanda təlim poliqonunda baş verən partlayış faktı üzrə 2 maddə ilə cinayət işi başlanıb

2025/11/1762926619.jpg
Oxunub: 456     12:39     03 Aprel 2026    
2026-cı il aprelin 2-də Ermənistan Müdafiə Nazirliyinin təlim poliqonunda baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi (hərbi vəzifəli şəxsin səhlənkarlığı nəticəsində ehtiyatsızlıqdan insanın ölümünə səbəb olması) və 532-ci maddəsinin 3-cü hissəsi (silah, döyüş sursatı, hərbi texnika və ya digər hərbi əmlak, eləcə də ətraf mühit üçün yüksək təhlükə yaradan maddələr, qurğular və ya əşyalarla davranma qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insanın ölümünə səbəb olması) üzrə cinayət işi başlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, müqavilə əsasında xidmət edən erməni hərbi qulluqçu həyatını itirib.

Bildirilib ki, ilkin istintaq zamanı bir sıra təxirəsalınmaz istintaq və digər prosessual tədbirlər həyata keçirilib.

Daha əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, aprelin 2-də Armavir vilayətində, Bağramyan icmasının ərazisində yerləşən və yerli əhali arasında Ermənistan Müdafiə Nazirliyinin “poliqonları” kimi tanınan sahədə faciəvi hadisə baş verib.

Həmin ərazidə partlayış baş verib, nəticədə 29 yaşlı hərbçi ölüb, 39 yaşlı digər hərbçi isə bədən xəsarətləri alaraq hərbi hospitala çatdırılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Partlayış  


Bizi "telegram"da izləyin