Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Shamshyan.com” nəşri məlumat yayıb.
Məlumata görə, gecə yarısından sonra naməlum şəxs özündə qanunsuz saxladığı odlu silahdan Vedi icmasının Vanaşen yaşayış məntəqəsindəki Sarkis Çiroyan küçəsi, ev 29 ünvanına doğru atəş açıb.
İlkin məlumatlara görə, xoşbəxtlikdən sözügedən atışma nəticəsində zərərçəkən olmayıb. Hadisə yerinə gələn müstəntiqlər ərazidən avtomat silahdan atılmış 55-dən çox boş giliz aşkar ediblər.
Daxil olan siqnal əsasında hadisə yerinə Ermənistan İstintaq Komitəsinin Ağrı vilayət istintaq idarəsinin Vedi istintaq şöbəsinin qrupu gəlib. Qrupa idarə rəisi Tiqran Şoxoyan, idarə rəisinin müavini Nerses Muradyan, Vedi istintaq şöbəsinin rəisi və günün məsul növbətçi müstəntiqi rəhbərlik edib.
Kameralar qarşısında danışmaqdan imtina edən Vanaşen kənd sakinləri nəşrə müsahibələrində vilayətin cinayət-axtarış və icma polislərinə qarşı qəzəblərini ifadə ediblər: “Əgər hüquq-mühafizə orqanları yerində olsaydı, martın 30-da bu atışma baş verməzdi. Bu, ötən il avqustun 8-də baş vermiş hadisənin davamıdır. Hüquq-mühafizə orqanları tərəfindən tam açılmayan həmin hadisə hələ davam edəcək, çünki insidentin qəhrəmanları vilayətin bəzi vəzifəli şəxsləri tərəfindən himayə olunur. Həmin rəsmi şəxslər adlarının bütün vilayətdə hallandığını çox yaxşı bilirlər. Harada görülüb ki, xüsusilə ağır cinayət baş versin, lakin hüquq-mühafizə orqanları natamam iş görsünlər və bunun nəticəsində daha bir cinayət törədilsin?”.
KİV, həmçinin qeyd edib: “İstintaqın maraqları naminə hazırda bəzi halları açıqlamırıq. Əminik ki, Ermənistan daxili işlər naziri, DİN-in polis xidmətinin rəisi, Baş prokuror və İstintaq Komitəsinin sədri problemlə tanış olduqdan sonra Ağrı vilayətinin hüquq-mühafizə orqanları özlərinə gələcək və bu cinayətlər zəncirinə yenisinin əlavə olunmaması üçün tədbirlər görəcəklər”.
Daha əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, avqustun 8-də Ağrı vilayətində fövqəladə hadisə baş vermişdi. Polislər müəyyən etmişdilər ki, həmin gün saat 22:00 radələrində Vanaşen kəndinin yol kənarındakı avtoyuma məntəqəsinin yanında avtomobil idarə etmək üstündə Ağrı vilayət sakinləri 31 yaşlı Manuk H., 30 yaşlı Arman H. və 45 yaşlı Qaqik K. arasında mübahisə yaranıb, tərəflər bir-birini itələyərək ərazidən uzaqlaşıblar.
Daha sonra saat 23:00 radələrində Qaqik K. özündə qanunsuz saxladığı avtomat silahdan Manuk H.-yə məxsus “Opel” markalı avtomobilə atəş açıb. Bu zaman Manuk və Arman H. küçəyə çıxıblar. Qaqik K. onlara doğru atəş açmağa davam edib, nəticədə Manuk H. odlu silah yarası alaraq “Vedi” tibb mərkəzinə yerləşdirilib.
Qaqik K. polislər tərəfindən saxlanılaraq Ağrı vilayət cinayət-axtarış idarəsinə aparılıb. Hazırda cinayət aləti olan avtomatın tapılması istiqamətində tədbirlər görülür. Nəşr martın 30-da baş vermiş silahlı insidentin, yəni Sarkis Çiroyan küçəsindəki evə doğru atəş açılmasının videosunu təqdim edib.
Alpər Mövludoğlu
Ordu.az