Şahramanyan Paşinyanın bəyanatını “sayıqlama” adlandırıb: “Onların ucbatından Qarabağı itirmişik”

2026/04/Ekran-1775121040.jpg
Oxunub: 486     13:08     02 Aprel 2026    
“Belə sayıqlamalara cavab vermək üçün dəfələrlə imkanım olub, ilk növbədə cəmiyyətimizi, ölmüş şəxslərin yaxınlarını, “Qarabağ uğrunda mübarizəyə töhfə vermiş” şəxsləri belə təxribatlara uymamağa çağırıram, çünki bu cür ritorikanın bir məqsədi var: cəmiyyətimizdə parçalanma yaratmaq və dözümsüzlük yaymaq”.

Ordu.az xəbər verir ki, bu barədə ləğv edilmiş qondarma qurumun “sonuncu başçısı” Samvel Shahramanyan 2026-cı il aprelin 2-də, Aprel döyüşlərinin 10-cu ildönümü günü “Yereblur”da jurnalistlərlə söhbətində baş nazir Nikol Paşinyanın Qarabağda yaşayan insanların döyüşmədiyi, qaçdığı barədə açıqlamalarına münasibət bildirərkən deyib.

“Bu, qlobal böyük bir planın tərkib hissəsidir. “Qarabağlılar”ın (Qarabağdan könüllü şəkildə köç etmiş şəxslər-red.) qaçdığı ilə bağlı iddialara gəlincə, belə fikirlər yayan şəxslərə xatırlatmaq istəyirəm ki, əgər söhbət 2020-ci il müharibəsindən gedirsə, onlar siyasi və diplomatik cəbhədə olublar və məhz onların hərəkətləri nəticəsində bu gün “qarabağlılar” belə vəziyyətə düşüb, erməni xalqı Qarabağı itirib. Bu gün Azərbaycan tələblər irəli sürür və Ermənistan hakimiyyəti məcbur qalıb onları yerinə yetirir. Qalan qiymətləndirməni cəmiyyətimizin öhdəsinə buraxıram”, - deyə o bildirib.

Ermənistan hakimiyyətinin “Qarabağa qayıdış” haqqında danışmağın birbaşa müharibə demək olduğu barədə açıqlamalarına toxunan Şahramanyan deyib:

“Biz həmişə demişik ki, Ermənistanın təhlükəsizliyi bizim üçün prioritetdir. Əlbəttə, bu gün Ermənistanın vəziyyətini və baş verən prosesləri anlayırıq və çalışırıq ki, Ermənistanın təhlükəsizliyinə zərər vuracaq heç bir addım atmayaq, o cümlədən hərbi əməliyyatların yenidən başlanmasına səbəb olmayaq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahramanyan   Paşinyan  


Bizi "telegram"da izləyin