ROKETSAN istehsal və təhvil həcmini artırmağa hazırlaşır

2026/04/Ekran-1775050943.jpg
Oxunub: 424     17:41     01 Aprel 2026    
ROKETSAN artan tələbat və dəyişən döyüş meydanı şəraitinə uyğun olaraq istehsal və təhvil həcmini dəfələrlə artıracağı yeni mərhələyə daxil olur və gücün artırılması prosesində iş tərəfdaşları ilə birlikdə hərəkət etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, ROKETSAN tərəfindən təşkil edilən Strateji İş Tərəfdaşlığı Zirvəsinin üçüncüsü Ankarada keçirilib.

ROKETSAN və strateji iş tərəfdaşlarını bir araya gətirən zirvədə ortaq idarəetmə prosesləri, rəqəmsallaşma, dayanıqlılıq, risklərin idarə olunması və innovasiya, təchizat zənciri, milliləşdirmə və keyfiyyət kimi müdafiə sənayesində kritik əhəmiyyət daşıyan məsələlər müzakirə edilib.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri professor doktor Haluk Görgün tədbirin açılışında çıxış edərək bildirib ki, strateji iş tərəfdaşlığı anlayışını əsas podratçı ilə təchizatçı arasında münasibətləri əhatə edən, korporativ inkişafı, texnologiya əldə edilməsini və insan resurslarının dəyərini özündə birləşdirən kompleks bir struktur kimi qiymətləndirirlər. Yerli və milli imkanların gücləndirilməsinin milli təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıdığını vurğulayan Görgün qeyd edib ki, ROKETSAN-ın təchizat ekosistemi ilə formalaşan dayanıqlılığı sektor üçün nümunədir.

Bununla yanaşı, döyüş meydanının köklü dəyişiklik mərhələsində olduğunu bildirən Görgün qeyd edib ki, yeni nəsil əməliyyat mühiti quru, hava, dəniz, kiber və kosmos sahələrinin inteqrasiya olunduğu çoxsahəli struktur əsasında formalaşır.

O, sözlərini belə davam etdirib: “Kosmos əsaslı imkanlar rabitə, kəşfiyyat-müşahidə, mövqe müəyyənləşdirmə və zaman sinxronizasiyası sahələrində yaratdığı üstünlüklərlə qərarvermə prosesini sürətləndirir və bölmələr arasında koordinasiyanı gücləndirir. Bu çərçivədə görüntüləmə, erkən xəbərdarlıq və rabitə sahələrində kosmosdan səmərəli istifadə, həmçinin GNSS-dən asılı olmayan milli mövqe müəyyənləşdirmə sistemlərinin hazırlanması strateji prioritetlər sırasındadır. Döyüş meydanında artan temp və istehlak sürəti aşağı xərcli, tez istehsal edilə bilən və asanlıqla əvəz edilə bilən sursat və platformaları yeni döyüş anlayışının əsas elementlərinə çevirir”.

Müasir müharibədə uzun mənzilli sistemlər ön plana çıxır

ROKETSAN-ın baş direktoru Murat İkinci açıqlamasında bildirib ki, istehsal və təhvil həcminin dəfələrlə artacağı bir mərhələyə daxil olunur: “Bu dövrdə investisiyalar və vaxtında təhvil göstəriciləri bizim üçün çox vacibdir, bunun üçün isə istehsal gücünün artırılmasına ehtiyac var”.

Müasir müharibənin dəyişən xarakterinə diqqət çəkən İkinci bildirib: “Son müharibələrdə gördük ki, artıq cəbhədə tankların və qısa mənzilli silahların üstünlük təşkil etdiyi müharibələrdən daha çox, uzun mənzilli raketlər, hava hücumundan müdafiə sistemləri, kamikadze pilotsuz uçuş aparatları və pilotsuz uçuş aparatlarından buraxılan sursatların geniş istifadə olunduğu bir dövrdəyik. Bu dövrdə ölkəmizin demək olar ki, bütün idarəolunan raket texnologiyaları üzrə ehtiyacını qarşılayan ROKETSAN-ın strateji əhəmiyyəti getdikcə artır”.

Bundan əlavə, İkinci strateji iş tərəfdaşlarının ROKETSAN-ın bütün fəaliyyətlərində mərkəzi rol oynadığını, tərəfdaşlardan gözləntiləri və zirvənin bu baxımdan əhəmiyyətini vurğulayaraq bildirib: “ROKETSAN-da 2024-cü ildə 88 olan iş tərəfdaşlarının sayı bu gün 106-ya çatıb. Biz iş tərəfdaşlarımızı mövcud istehsalımızın ən mühüm iştirakçıları olduqlarına görə ROKETSAN ailəsinin bir hissəsi hesab edirik. İş həcminə baxdıqda, 2024-cü ildə tərəfdaşlarımız vasitəsilə alınan məhsulların ümumi dəyəri 665 milyon dollar olduğu halda, 2025-ci ildə bu rəqəm 1 milyard dollara yaxınlaşıb. Əslində, ROKETSAN-ın həyata keçirdiyi təchizatın təxminən 50 faizi bu gün bizimlə birlikdə zirvədə iştirak edən iş tərəfdaşları vasitəsilə həyata keçirilir”.

İkinci: “Bu gün ixrac potensialımız 92 faizdən yuxarıdır”

“İş tərəfdaşlarımızdan risklərini idarə etmələrini, çevik fəaliyyət göstərmələrini və innovasiyanı əsas anlayış kimi daim gündəmdə saxlamalarını gözləyirik. Onlardan xahişimiz odur ki, öz fəaliyyətlərinə və investisiyalarına yenidən baxaraq çatışmazlıqları aradan qaldırsınlar”, - deyə İkinci bildirib və qeyd edib ki, hazırda ixrac potensialı 92 faizdən yuxarıdır.

O vurğulayıb ki, mövcud istehsal və təhvil həcminin dəfələrlə artacağı bir mərhələyə daxil olunub. İkinci sözlərini belə tamamlayıb: “Hazırda istehsal və təhvil həcminin dəfələrlə artacağı bir dövrə daxil oluruq. Bu dövrdə investisiyalar və vaxtında təhvil göstəriciləri bizim üçün çox vacibdir. Bunun üçün istehsal gücünün artırılmasına ehtiyac var. Bu gün keçirilən zirvənin əsas mövzularından biri də məhz budur”.

ROKETSAN-ın İdarə Heyətinin sədri Faruk Yiğit isə formalaşdırılan ekosistemin əhəmiyyətinə diqqət çəkərək bildirib ki, bu gün 100-dən çox şirkət bu proqram çərçivəsində müxtəlif səviyyələrdə strateji iş tərəfdaşı kimi iştirak edir. O vurğulayıb ki, bu prosesdə iş tərəfdaşlarından əsas gözlənti “dayanıqlılığı seçim deyil, biznes modellərinin mərkəzində dayanan strateji yanaşmaya çevirmələridir”. Yiğit əlavə edib ki, kritik və yüksək əlavə dəyərli məhsullar üzrə tam müstəqilliyə, yəni milliləşdirməyə nail olmaq da iş tərəfdaşlarının əsas hədəflərindən biri olmalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Türkiyə  


Bizi "telegram"da izləyin