Ordu.az xəbər verir ki, 11 Avropa ölkəsini bir araya gətirən MARTE təşəbbüsü “gələcəyin döyüş meydanına hakim olacaq” kompleks sistemin yaradılmasını hədəfləyir.
İsveçin “Saab” şirkətinin rəhbərliyi ilə hazırlanmış əməliyyat konsepsiyası sistemin müasir döyüş şəraitində necə istifadə olunacağını müəyyənləşdirib, iştirakçı ölkələr arasında ümumi əməliyyat tələbləri də dəqiqləşdirilib. Bu çərçivədə İspaniyanın “Indra Sistemas” şirkəti mövcud texnologiyalar və alt sistemləri təhlil edərək dizayn mərhələsi üçün geniş bazar araşdırması aparıb.
Layihənin növbəti mərhələsində sənaye liderliyi KNDS “Deutschland” və “Rheinmetall” şirkətlərinə keçəcək və bu şirkətlər konsepsiyanın konkret dizayna çevrilməsində əsas rol oynayacaqlar.
2025-ci ildə Avropa Müdafiə Fondundan 20 milyon avro qrantla başlanan MARTE layihəsi son münaqişələrdən çıxarılan dərsləri nəzərə alaraq yeni nəsil texnologiyaları vahid platformada birləşdirməyi hədəfləyir. Konsorsium 12 ay ərzində yetkin dizayn təqdim etməyi planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az