Ordu.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Bəqayi vurğulayıb ki, İsrail və ABŞ tərəfindən həyata keçirilən davamlı raket və bomba zərbələri səbəbindən İran hazırda qanuni müdafiə vəziyyətindədir.
O bildirib: “Mövqeyimiz tamamilə aydındır, biz müdafiə olunuruq. Mövcud şəraitdə silahlı qüvvələrimiz və bütün xalqımız 100 faiz İranın ərazisi və suverenliyinin qorunmasına yönəlib”.
İran XİN nümayəndəsinin sözlərinə görə, hazırkı eskalasiya Vaşinqton və Təl-Əvivin “aqressiv hərəkətləri”nin birbaşa nəticəsidir.
Bəqayi böhranın bir neçə kritik aspektini qeyd edib: Fars körfəzi, Oman körfəzi və Hörmüz boğazının sabitliyi təhlükə altına düşüb, münaqişə artıq qlobal iqtisadi proseslərə ciddi təsir göstərib.
O, İranın nüvə silahına malik olması ilə bağlı ittihamları bir daha təkzib edib və ölkənin nüvə proqramını “yalnız dinc məqsədli” adlandırıb.
“İyun ayında onlar İranın nüvə proqramını məhv etdiklərini iddia edirdilər. Bu isə göstərir ki, bu müharibə şıltaqlıq və ambisiyalar əsasında aparılır. Bu, təkcə İrana deyil, bütün regiona zorla qəbul etdirilən “şıltaqlıq müharibəsidir” və onun nəticələri sərhədlərimizdən çox uzaqlarda da hiss olunur”, - deyə Bəqayi əlavə edib.
Sevinc Əliyeva
Ordu.az