Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Aleksandr Xramçixin bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun İranın Hörmüz boğazının açılmasını təmin etmədiyi halda zərbələr endirməyə hazır olduğu barədə bəyanatları eyni zamanda danışıqlara hazır olunduğu siqnalları ilə müşayiət olunur. Lakin bu “ikili mesaj” effektiv təzyiq mexanizmindən çox, strateji çıxılmaz vəziyyət yaradır.
“Hörmüz boğazı qlobal enerji sisteminin əsas nöqtələrindən biridir və buradan neft tədarükünün əhəmiyyətli hissəsi keçir. Buna görə də bu boğaz İran üçün yalnız iqtisadi deyil, həm də təhlükəsizlik baxımından mühüm rıçaqdır və İran bunu bu müharibə zamanı effektiv istifadə edir. Bu səbəbdən təhdidlər fonunda irəli sürülən istənilən tələb Tehranda danışıqlar təklifi kimi deyil, məcburetmə kimi qəbul olunur. İranın siyasi sistemində belə tələblərin qəbul edilməsi daxili legitimliyin itirilməsi deməkdir.
Bundan əlavə, göründüyü kimi, Vaşinqtonun irəli sürdüyü şərtlər İran tərəfindən kapitulyasiya kimi qiymətləndirilir: nüvə proqramının kəskin məhdudlaşdırılması, regional təsirin azaldılması və hərbi imkanların nəzarətə götürülməsi. Bu tələblər klassik kompromis məntiqindən kənardadır və daha çox diktəyə bənzəyir. Nəticədə danışıqlar başlamadan çıxılmaz vəziyyətə düşür, çünki tərəflərdən biri maksimum güzəşt tələb edir, digəri isə bunu qəbul edə bilmir”, - deyə analitik bildirib.
Onun fikrincə, bu ziddiyyətli yanaşmanın ABŞ üçün bir neçə nəticəsi var.
Analitik qeyd edib ki, bu siyasət etimad çatışmazlığı yaradır.
“Eyni zamanda həm zərbə təhdidləri, həm də danışıqlara çağırışlar səsləndiriləndə bu, strategiyada uyğunsuzluq kimi qəbul olunur. İran üçün bu o deməkdir ki, hətta danışıqlar başlasa belə, onların zərbələrlə dayandırılmayacağına dair heç bir təminat yoxdur. Bundan əlavə, əgər təhdidlər həyata keçirilmir və ABŞ davamlı olaraq təhdid edirsə, bu zaman Vaşinqton öz təsir imkanlarını itirir. Hörmüz boğazı açıq kommunikasiya xətti olmaq əvəzinə, qlobal iqtisadi nəticələr doğuran qarşıdurma zonasına çevrilə bilər. ABŞ üçün digər nəticə isə beynəlxalq mövqelərin mürəkkəbləşməsidir. Enerji resurslarının bu boğazdan keçməsindən asılı olan Avropa və Asiya tərəfdaşları güc təzyiqindən daha çox sabitliyə üstünlük verirlər. Beləliklə, ABŞ-nin sərt ritorikası tam beynəlxalq dəstək qazanmaya bilər və bu da Vaşinqtonun manevr imkanlarını məhdudlaşdırır.
Bu vəziyyətdə klassik diplomatik dalan yaranır. ABŞ öz sərt tələblərindən tam geri çəkilə bilmir, çünki bu, nüfuz itkisinə səbəb olar, eyni zamanda genişmiqyaslı eskalasiya olmadan İranı bu tələbləri qəbul etməyə məcbur edə bilmir. İran isə öz növbəsində suverenliyinin məhdudlaşdırılması kimi qəbul etdiyi şərtləri qəbul edə bilmir, lakin açıq hərbi qarşıdurmada da maraqlı deyil”, - deyə Xramçixin bildirib və əlavə edib ki, nəticədə güc təhdidi ilə danışıqlar təklifi bir-birini tamamlamır, əksinə qarşılıqlı şəkildə neytrallaşdırır.
Ekspertin fikrincə, bu vəziyyət yalnız konkret razılaşmanın əldə olunmasını çətinləşdirmir, həm də etimad böhranını dərinləşdirir.
“Bu, aydın çıxış yolu olmayan strateji dalana bənzəyir. Eyni zamanda görünür ki, Donald Tramp administrasiyası mövcud vəziyyətdən çıxış yolu axtarır, lakin müharibənin uzanması fonunda bu çıxış getdikcə daha qeyri-müəyyən görünür”, - deyə o bildirib.
Cənubi Qafqaza gəldikdə isə analitik hesab edir ki, İran effektiv şəkildə müqavimət göstərdiyi və rəqiblərini çəkindirdiyi müddətdə regionda ciddi dəyişikliklər gözlənilmir.
“Ümumilikdə aydındır ki, bu münaqişənin nəticəsində güc balansı dəyişəcək və bu da Cənubi Qafqaza təsir göstərəcək”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az