Erməni politoloq: “Paşinyan təhlükə hiss edərsə, seçkiləri ləğv etmək üçün hərbi təxribat təşkil etməyə hazırdır”

2026/03/1774935967.jpg
Oxunub: 389     12:38     03 Aprel 2026    
“Hakimiyyət üçün xoşagəlməz olan son hadisələrdən sonra, vətəndaşların bəzilərinin etiraz etməsi, kiminsə əl uzatmaması, kiminsə mağaza qapısını açmaması, kiminsə tənqidi fikirlər səsləndirməsi fonunda hakimiyyət başa düşdü ki, canlı yayımlarda bu, mənfi təbliğat fonu yaradır. Buna görə də indi onlar yalnız səyyar avtobusdan istifadə etmir, həm də müxtəlif yaş qruplarından və sosial təbəqələrdən olan insanları paralel avtomobillərlə özləri ilə aparırlar ki, onları qarşılayıb müsbət şüarlar səsləndirsinlər”.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Alen Gevondyan bildirib.

“Bu, səhnələşdirilmiş siyasi PR tədbiridir və belə alətlər müxtəlif ölkələrdə istifadə olunur. Onlar anlayırlar ki, 7 ildən sonra hakimiyyətin nüfuzu faktiki olaraq ən aşağı səviyyəyə düşüb”, - deyə o bildirib.

Müxalifətin iddiasına görə hakimiyyətin ümumiyyətlə reytinqinin olmamalı olduğu barədə fikrə münasibət bildirən Gevondyan qeyd edib: “Populist liderlər uzun müddət hakimiyyətdə qalırlar, çünki cəmiyyətin müəyyən hissəsi hələ də inamla yaşayır. Bundan başqa, biznes dairələri də var ki, mövcud hakimiyyət şəraitində özlərini rahat hiss edirlər. Onlar müxtəlif tenderlərdə iştirak edir, müəyyən imtiyazlar əldə edir, binalar və hotellər tikirlər. Onlar üçün belə bir aksiom var ki, guya Qarabağın verilməsi qaçılmaz idi və indi mövcud şəraitdə səmərəli iqtisadi fəaliyyət qurmaq lazımdır. Buna dövlət sektorunu, xüsusilə güc strukturlarını və onlarla əlaqəli şəxsləri də əlavə etmək olar.

Bu gün dünyada bir sıra liderlərin necə absurd bəyanatlar verdiyini, qeyri-adekvat davranış sərgilədiyini və təhlükəli qərarlar qəbul etdiyini görürük, lakin buna baxmayaraq, onlar hakimiyyətdə qalırlar.

Populizm, neyrolinqvistik proqramlaşdırma, qorxu və şantaj elementləri, müxalif fiqurların demonizasiyası, cəmiyyətin bölünməsi, bütün bunlar emosiyalara və inama əsaslanan cəmiyyətlərdə effektiv işləyir. Belə cəmiyyətlərdə sübut bazasına ehtiyac olmur, dedi-qodu özü aksioma çevrilir.

Hakim baş nazir və onun komandası çox yaxşı bilir ki, nə vaxt, nə demək lazımdır. Nəticədə bütün diqqət ona yönəlir və siyasi informasiya bu fonun içində itir”, - deyə o bildirib.

Gevondyan qeyd edib ki, Nikol Paşinyan hakimiyyəti itirməyin onun üçün nə qədər ağır nəticələr doğuracağını yaxşı anlayır və buna görə də istənilən addıma hazırdır.

“O, hətta hərbi təxribat təşkil edərək, müxalifəti ittiham edib, fövqəladə vəziyyət elan etməklə seçkiləri ləğv edə bilər”, - deyə erməni politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gevondyan   Paşinyan  


Bizi "telegram"da izləyin