Erməni politoloq: “İranla quruda müharibə olarsa və ölkənin şimalı ayrılarsa, artıq nə TRIPP, nə də Zəngəzur qalacaq”

2026/03/1774935928.jpg
Oxunub: 705     12:54     03 Aprel 2026    
“TRIPP haqqında danışılmır, çünki bu artıq aktual deyil. Əgər quruda müharibə başlasa, fəlakət bizim ölkəyə də gələ bilər”.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Alen Gevondyan bildirib.

“Biz buraya gələ biləcək fəlakətin fərqində deyilik. Elə bilirik ki, çörək olacaq, su olacaq, elektrik olacaq, amma əslində bunların heç biri olmayacaq. Tutaq ki, İrandan 250 min nəfər şimala doğru hərəkət etdi, nə edəcəksiniz, onları necə saxlayacaqsınız? İnsanlar piyada Ermənistan sərhədinə gələcək, nə edəcəksiniz, atəş açacaqsınız? Sadəcə Allaha dua etməliyik ki, belə bir şey baş verməsin. Əgər quru əməliyyatları başlasa, bu bir neçə istiqamətdən həyata keçiriləcək və kiçik dövlətlər bunun altında qalacaq. O zaman artıq hakim partiyanın sülh gündəliyi, müxalifət və s. əhəmiyyətini itirəcək. Böyük Yaxın Şərq son 25 ildə bu cür fəlakət içində yaşayır.

Qəzzanın dağıntıları Ukraynanın dağıntılarına bənzəyir. Mən ən pis ssenarilərdən danışmıram, yeni dünya nizamından danışıram. Dünya nizamları müharibələrlə formalaşır, bəzi dövlətlər qalacaq, bəziləri yox olacaq, bəziləri böyüyəcək, bəziləri kiçiləcək. Biz hazırda məhz bu mərhələdəyik. Əgər, məsələn, İranın bütün şimal hissəsi artıq İranın nəzarətində olmasa, onda hansı Zəngəzurdan danışmaq olar?”, - deyə Gevondyan qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın resursları çox məhduddur və artıq mövcud olmayan tərəfdaşlar olmadan ölkə çox çətin vəziyyətə düşə bilər.

Sülhün mümkün təminatçıları məsələsinə toxunan Gevondyan bildirib: “İstənilən sülh qüvvələr balansıdır. Belə vəziyyət ola bilməz ki, tərəflərdən biri silahlanır, digəri isə yox, amma sülh qorunur. Tərəflərdən biri hücum üçün konsensusun yarandığını görən kimi hücuma keçir. Hətta 36 sənəd imzalansa belə, əgər belə bir konsensus varsa, hücum baş verir.

Əgər təminatçılar yoxdursa, yəni balans yoxdur, çünki qərarlar çox vaxt sizdən yuxarı səviyyədə qəbul olunur və orada balansın dəyişməsinin mümkün olmadığı deyilir, bu vəziyyətdə problemlər yaranır. Bu fonda bəzi siyasi qüvvələr cəmiyyəti aldadaraq bildirirlər ki, guya təminatçılara ehtiyac yoxdur. Ermənistan dünya üçün əvəzolunmaz deyil, çox kiçik bir aktordur. Ona görə də biz öz əhəmiyyətimizi formalaşdırmalıyıq ki, tərəfdaşlar bizimlə əməkdaşlıq etmək istəsinlər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gevondyan   Ermənistan  


Bizi "telegram"da izləyin