Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
Nəşrə görə, Nikol Paşinyan bildirmişdi ki, 2020-ci ildə Ermənistanın müstəqilliyini qorumaq üçün şüurlu qurbanlara gediblər. Övladını itirmiş erməni valideynlər bunu ölkə rəhbəri tərəfindən verilmiş etirafedici ifadə kimi qiymətləndirirlər.
44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçu Jora Sahakyanın atası Vahid Sahakyan deyib ki, onun Ermənistan Baş Prokurorluğundan heç bir gözləntisi yoxdur.
O qeyd edib ki, Nikol Paşinyan hakimiyyətdə olduğu müddətcə heç bir dəyişiklik baş verməyəcək, lakin hakimiyyət dəyişikliyindən sonra Paşinyan hər şeyə görə cavab verməli olacaq.
“Hüquq-mühafizə sistemi işləmirsə, bu, hər şeyi unutmalı olduğumuz mənasına gəlmir. Unutmaq bu gün bizimlə olmayan oğlanların şücaətini danmaq deməkdir. Əlbəttə ki, biz belə edə bilmərik. Cinayət haqqında məlumat vermək o deməkdir ki, iş açılıb və ya qanunla iş açılmalıdır. Bu işə nə vaxt baxılacağını isə deyə bilmərəm. Özüm həmişə demişəm, indi də təkrar edirəm: istər adi vətəndaş olsun, istərsə də vəzifəli şəxs, gec-tez hər kəs öz əməlinə görə cavab verməlidir. Ermənistan rəhbəri artıq ikinci dəfədir etirafedici ifadə verir. O elə edə bilərdi ki, bu gün oğlanlar valideynlərinin yanında olsunlar, amma bunu etmədi. Birinci dəfə müharibəni dayandırmadı, ikinci dəfə isə Ermənistanı qorumaq üçün qəsdən qurbanlara getdi”, - deyə Vahid Sahakyan “168.am” saytına müsahibəsində bildirib.
Vahid Sahakyan qeyd edib ki, gec-tez Nikol Paşinyanın hər bir sözü və əməli üçün məsuliyyətə cəlb olunacağına dair ümidini itirmir.
“Nikol Paşinyanın hər dediyi ziddiyyətlidir. Əgər onun hüquq-mühafizə sistemi ilə əlaqəsi yoxdursa, necə olur ki, bir mesajla bir neçə saat ərzində 5 güc strukturunun rəhbəri istefa verir? Əgər o, bu suala cavab verə bilsə, onda deyərəm ki, həqiqətən o düz deyir. Amma əlbəttə ki, cavab verə bilməyəcək. Camaat, mən həmişə demişəm: bu ölkənin hüquq-mühafizə sistemi də, qanunverici orqanı da bir nəfərin, Nikol Paşinyanın əlindədir. Bura Paşinyanın dediyi kimi demokratiya ölkəsi deyil, bu ölkədə hər şeyi o müəyyən edir və hər kəsə də belə deyir: “Necə qərar versəm, elə də olacaq”. Qalanları isə icraçılardır. Reallıq budur və xalq buna qarşı mübarizə aparmalıdır”, - deyə Vahid Sahakyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az