İran və Türkiyənin müdafiə nazirləri ABŞ-İsrail hücumlarını müzakirə ediblər

2026/03/1772878911.jpg
Oxunub: 445     15:22     30 Mart 2026    
İran və Türkiyənin müdafiə nazirləri ABŞ və İsrailin İrana qarşı hücumlarını telefon danışığında müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə İran mənbələri məlumat yayıb.

Məlumata görə, İranın müdafiə naziri vəzifəsini icra edən briqada generalı Məcid İbn-Reza və Türkiyənin milli müdafiə naziri bazar günü gecə saatlarında telefon danışığı aparıb.

Danışıq zamanı İran tərəfi bölgədə “sionist rejimin” təxribat və müharibə siyasətinə diqqət çəkərək ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumları beynəlxalq hüquq və normalara zidd kimi qiymətləndirib.

Briqada generalı İbn-Reza İranın özünümüdafiə hüququ çərçivəsində qəti cavab verəcəyini vurğulayıb.

O bildirib ki, İran ABŞ-yə etimad göstərməsə də, xoş niyyətini nümayiş etdirmək və region ölkələrinə hörmət əlaməti olaraq danışıqlara razılıq verib, müharibə təhlükəsini diplomatiya yolu ilə aradan qaldırmağa çalışıb. Lakin ABŞ və İsrailin hərbi hücumları İranı özünü müdafiə etməkdən başqa seçim qarşısında qoymayıb.

İran rəsmisi həmçinin İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xameneyinin, yüksək rütbəli hərbi şəxslərin və mülki insanların öldürülməsini, o cümlədən Minab şəhərində Şəcərə Təyibə ibtidai məktəbində 160-dan çox şagirdin qətlə yetirilməsini və beynəlxalq sülh missiyasından qayıdan “Dena” esminesinə edilən hücumu ABŞ və İsrail tərəfindən törədilən dövlət terrorizmi və müharibə cinayətləri kimi qiymətləndirib.

O qeyd edib ki, bu hadisələr regionu müharibə, qeyri-sabitlik və təhlükəsizlik böhranına sürükləyib.

İbn-Reza əlavə edib ki, son hadisələr ABŞ üçün əsas prioritetin “sionist rejimin” təhlükəsizliyi olduğunu göstərir və İran bütün gücü ilə hücum edənləri cəzalandırmağa, effektiv çəkindirmə yaratmağa və bu cür hücumların təkrarlanmasının qarşısını almağa davam edəcək.

O, region ölkələrinin suverenliyinə hörmətin vacibliyini vurğulayaraq bildirib ki, təhlükəsizlik daxili razılaşma və kollektiv yanaşma nəticəsində formalaşmalıdır. İran isə regiondakı hərbi bazaların İrana qarşı istifadə edilməyəcəyinə əmin olduğu halda ikitərəfli və çoxtərəfli müdafiə razılaşmaları imzalamağa hazırdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Türkiyə  


Bizi "telegram"da izləyin