Ordu.az xəbər verir ki, bu barədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi bildirib.
Onun sözlərinə görə, yaranmış şərait nəzərə alınarsa, İranın NPT-də üzvlüyünün artıq mənası qalmayıb və görünür ki, parlamentdə üstünlük təşkil edən baxış da məhz budur.
Borucerdi qeyd edib ki, İran atom bombası hazırlamağa çalışmır, lakin eyni zamanda həm “oyun qaydalarına” riayət edib, həm də bombardmanlara məruz qalmaq mümkün deyil.
“Bu hadisələrdən sonra belə məhdudiyyətləri qəbul etməyə heç bir əsas qalmayıb. Nəhayət, artıq NPT-dən çıxmağın vaxtıdır”, - onun sözlərini SNN telekanalı sitat gətirib.
Qeyd edək ki, İran nüvə proqramını 1950-ci illərdə şah Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə ABŞ-nin dəstəyi ilə inkişaf etdirməyə başlayıb. 1958-ci ildə ölkə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv olub, 1968-ci ildə isə Tehran Nüvə Silahının Yayılmaması Müqaviləsini imzalayıb və bu sənəd 1970-ci ildə ratifikasiya edilib.
1979-cu ildə şah rejiminin devrilməsindən və İslam Respublikasının elan olunmasından sonra nüvə proqramı dayandırılıb. Lakin 1980-ci illərin sonunda hakimiyyət atom texnologiyalarının inkişafını bərpa edib. 2003-cü ildən isə İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin nüvə silahının hazırlanmasını qadağan edən fətvası qüvvədədir.
Sevinc Əliyeva
Ordu.az