“Global Times”: İrana qarşı müharibə nəzarətdən çıxmaq həddinə çatıb

2026/03/Ekran-1774158287.jpg
Oxunub: 547     14:51     30 Mart 2026    
ABŞ və İsrailin İrana qarşı başladığı müharibə bütün tərəflərin nəzarətindən çıxmaq həddinə çatıb və münaqişənin eskalasiyası qlobal resessiya riskini artırır.

Ordu.az xəbər verir ki, bu barədə “Global Times” qəzetinin redaksiya məqaləsində bildirilib.

Məqalədə qeyd olunur ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hərbi zərbələrdən artıq bir ay keçir. Qəzetin fikrincə, heç bir əsaslandırma olmadan və danışıqlar fonunda başlanan bu münaqişə qarşıya qoyulan məqsədlərə çatmayaraq tədricən nəzarətin itirilməsi həddinə yaxınlaşıb.

Nəşr yazır ki, ABŞ hakimiyyəti əvvəlcə İranla müharibənin dörd-beş həftə davam edəcəyini proqnozlaşdırmış, daha sonra isə dəfələrlə hər şeyin tezliklə başa çatacağını bəyan etmişdi. Lakin faktlar bunun əksini göstərdi. Məqalədə vurğulanır ki, müasir müharibə başladıqdan sonra onu “planlaşdırılmış ssenari” üzrə dayandırmaq son dərəcə çətin olur.

“Global Times” hesab edir ki, ABŞ və İsrailin sürətli və qəti qələbə qazanmaq cəhdi uğursuz alınıb, Yaxın Şərqdə düşünülməmiş hərbi müdaxilənin nəticələri isə getdikcə daha aydın görünür.

Qəzetin yazdığına görə, bu münaqişə artıq enerji böhranı yaradıb, təchizat zəncirlərini pozub və bütün dünyada iqtisadi qeyri-müəyyənliyi gücləndirib. Əgər eskalasiya davam edərsə, qlobal resessiya ehtimalı ciddi şəkildə artacaq və bu da bütün ölkələrin xalqlarının ümumi maraqlarına zərbə vuracaq.

Nəşr ən təhlükəli siqnallardan biri kimi hədəflərin seçilməsində məhdudiyyətlərin aradan qalxmasını göstərir. Məqalədə bildirilir ki, müharibə artıq təkcə hərbi obyektlərlə məhdudlaşmır. Hər iki tərəf neft emalı zavodları, duzsuzlaşdırma stansiyaları və elektrik stansiyaları kimi mülki həyati infrastruktur obyektlərinə zərbələr endirməyə başlayıb.

Qəzet vurğulayır ki, bu obyektlər milli iqtisadiyyat və gündəlik həyat üçün həyati əhəmiyyət daşıyır. Qarşılıqlı məhvetmə rejiminin normaya çevrilməsi isə daha ağır humanitar fəlakətlərə səbəb ola bilər.

Məqalədə qeyd olunur ki, hazırkı vəziyyət böyük qeyri-müəyyənliklərlə müşayiət olunsa da, eyni zamanda gərginliyin azaldılması üçün potensial imkan da saxlayır. ABŞ, İsrail və İran davam edən qarşıdurma şəraitində getdikcə artan təzyiqlərlə üzləşir və bu, onların strateji manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

“Global Times” xatırladır ki, daha əvvəl həm ABŞ, həm də İran danışıqlara hazır olduqlarına dair siqnallar veriblər. Qəzetin fikrincə, əsas məsələ bütün tərəflərin təzyiq altında strateji təmkin nümayiş etdirib-etdirməyəcəyi, gərginliyin azaldılması üçün məhdud vasitələr şəraitində kommunikasiya mexanizmlərini tədricən bərpa edib-etdirməyəcəyi və gələcək siyasi həll üçün zəmin yaradıb-yaratmayacağıdır.

Məqalənin sonunda vurğulanır ki, münaqişə hazırda tam nəzarət itkisinin astanasındadır və hər bir səhv addım, hər bir yeni eskalasiya geri dönüşü olmayan nəticələrə gətirib çıxara bilər. Buna görə də bütün tərəflər sakitliyi və ağılı qorumağa, qarşıdurma düşüncəsindən imtina etməyə və sülh üçün yaranmış qısa fürsəti əldən verməməyə çağırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin