Ordu.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi 2026 maliyyə ili büdcəsindən təxminən 100 milyard yen (628,7 milyon dollar) ayıraraq minlərlə PUA-dan ibarət yeni sahil müdafiə şəbəkəsi yaratmağı planlaşdırır.
SHIELD adlanan bu inteqrasiya olunmuş sistem düşmən qüvvələrinə zərbələr endirmək, elektron və vizual kəşfiyyat (ISR) toplamaq və kritik radar obyektlərini kamikadze PUA-ları ilə qorumaq üçün ixtisaslaşdırılmış 10-dan çox fərqli PUA tipini özündə birləşdirəcək.
“Defence Blog”un məlumatına görə, bu konsepsiya mümkün dəniz irəliləyişlərini pozmaq və ləngitmək qabiliyyətinə malik, çoxqatlı müdafiə şəbəkəsi formalaşdırmağı hədəfləyir. Yaponiya Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi isə bildirib ki, ölkə ənənəvi yanaşmalarda israr edərsə, dövrün tələblərindən geri qalmaq riski ilə üzləşəcək. O qeyd edib: “Əgər yalnız ənənəvi müharibə üsullarını davam etdirsək, geridə qalacağıq”.
Nazirliyin məlumatına görə, sistem sahil xətti boyunca müşahidə, zərbə və müdafiə məqsədli PUA imkanlarını birləşdirən koordinasiyalı və çoxqatlı struktur şəklində fəaliyyət göstərəcək. Bu yanaşma dəniz yönümlü təhdidlərə qarşı çevik reaksiya variantları təqdim etməklə yanaşı situasiya məlumatlılığını artırmağa yönəlib. Praktiki baxımdan belə sistem Yaponiyaya yalnız pilotlu hava vasitələrinə və ya iri döyüş gəmilərinə bağlı qalmadan hədəfləri izləmək və onlarla qarşılıqlı fəaliyyət göstərmək imkanı verəcək. Bundan əlavə, PUA-ların çox sayda və aşağı xərclə yerləşdirilməsi fasiləsiz əhatə və sürətli reaksiya baxımından mühüm üstünlük təmin edir.
Bununla belə, rəsmilər sistemin tam tətbiqi üçün bəzi kritik çətinliklərin hələ də qalmaqda olduğunu etiraf edirlər. Bu problemlərin başında tezlik və rabitə infrastrukturu dayanır. Yaponiya Quru Özünümüdafiə Qüvvələrinin yüksək vəzifəli nümayəndəsi bildirib ki, televiziya və smartfonlar kimi mülki texnologiyalarla tezlik toqquşmasının qarşısını almaq üçün tezlik diapazonlarının tənzimlənməsi zəruridir. Personalın hazırlanması isə digər mühüm əməliyyat məhdudiyyəti kimi qeyd olunur.
Bundan əlavə, Yaponiya Müdafiə Nazirliyinin nümayəndəsi vurğulayıb ki, genişmiqyaslı PUA əməliyyatlarını dəstəkləmək üçün həm təlim sahələrinin, həm də idarəetmə üsullarının inkişaf etdirilməsi vacibdir. Nitekim Quru Özünümüdafiə Qüvvələrinin “Kirişima” təlim poliqonunda keçirilən fəaliyyət zamanı güclü külək səbəbindən kəşfiyyat PUA-sının qəzaya uğraması bu sistem risklərini açıq şəkildə nümayiş etdirib.
Yaponiya eyni zamanda müxtəlif tip PUA-ları eyni vaxtda idarə edə biləcək ixtisaslı kadr çatışmazlığı ilə üzləşir. Ötən ilin mart ayının sonuna olan məlumata görə, Quru Özünümüdafiə Qüvvələrinin inventarında təxminən 1.200 PUA mövcuddur ki, bu da SHIELD proqramının hədəflərinə çatmaq üçün tələb olunan miqyas artımını göstərir. Yerli istehsal gücünün artırılması da əsas prioritetlərdən biridir,rəsmilər bildirir ki, Yaponiya genişmiqyaslı PUA istehsalı, texniki xidmət və modernizasiya sahəsində sənaye imkanlarını sürətlə inkişaf etdirməlidir.
Sevinc Əliyeva
Ordu.az