İsrail parlamenti 2026-cı il üçün rekord müdafiə büdcəsini təsdiqləyib

2026/03/thumb-1774860238.jpg
Oxunub: 476     12:35     30 Mart 2026    
İsrail parlamenti bazar ertəsi səhər ölkənin 2026-cı il dövlət büdcəsini təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Büdcədə müdafiə xərcləri üçün rekord məbləğ ayrılıb, müxalifət isə planı ölkə tarixində “ən böyük oğurluq” adlandırıb.

“The Times of Israel” nəşrinin məlumatına görə, büdcə Knessetdə son oxunuşda 62 lehinə, 55 əleyhinə səslə qəbul edilib.

850,6 milyard şekel (271 milyard dollar) həcmində olan büdcəyə Müdafiə Nazirliyi üçün 143 milyard şekel (45,8 milyard dollar) ayrılıb ki, bu da İsrail tarixində ən böyük müdafiə xərcləridir.

Səsvermə qanunla müəyyən edilmiş son tarixdən, yəni çərşənbə axşamından əvvəl keçirilib. Əks halda büdcənin qəbul edilməməsi avtomatik olaraq növbədənkənar seçkilərə səbəb olacaqdı.

Müxalifət lideri Yair Lapid büdcə ilə bağlı narazılığını ifadə edib.

“Oğurluq dövlətin tarixində ən böyük həddə çatıb”, - deyə o, ABŞ-a məxsus “X” sosial şəbəkəsində yazıb.

“O pulları ehtiyatda olan hərbçilərdən alıb hərbi xidmətə getməkdən yayınanlara verdilər. Zəhmətkeş insanları qarət edib korrupsionerlərə payladılar”, - deyə o əlavə edib.

Büdcə ABŞ və İsrailin İrana qarşı davam edən müharibəsi fonunda qəbul edilib. Bu isə regionda gərginliyi artırıb və İsrailin hərbi xərclərinin sürətlə artmasına səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin