Ermənistan XİN-in dövlətdə xəyanətdə ittiham olunan əməkdaşı barəsində ittiham hökmü çıxarılıb

2025/10/1759429896.jpg
Oxunub: 478     13:14     28 Mart 2026    
“Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatların parçalı şəkildə təqdim olunduğunu nəzərə alaraq bildirirəm ki, Aşxen Aleksanyanın əməlində verilmiş hüquqi qiymət dəyişdirilib və onun barəsində ittiham hökmü çıxarılıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Ali Məhkəmə Şurasının mətbuat katibi Tsovinar Xaçatryan bildirib.

“Xatırladıram ki, məhkəmə iclası qapalı keçirilib və Aşxen Aleksanyan hazırda həbsdədir.

İrəvan şəhəri birinci instansiya ümumi yurisdiksiya cinayət məhkəməsi 2026-cı il martın 27-də qapalı iclasda Aşxen Mnatsakan Aleksanyanın Ermənistan Cinayət Məcəlləsinin 418-ci maddəsinin 1-ci hissəsi (dövlətə xəyanət) üzrə ittiham olunduğu cinayət işinə baxaraq ittiham hökmü çıxarıb. Məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxsin təqsiri Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 1-ci hissəsi (vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddinin aşılması) ilə nəzərdə tutulan əməli törətməkdə sübuta yetirilib.

Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 1-ci hissəsinə əsasən:

“Vəzifəli şəxs tərəfindən öz vəzifə səlahiyyətlərindən və ya həmin səlahiyyətlərdən irəli gələn təsirdən dövlət və ya xidmət maraqlarının zərərinə istifadə edilməsi, yaxud xidməti vəzifələrin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi, yaxud səlahiyyətlərinə daxil olmayan və ya onları aşan hərəkətlərin edilməsi nəticəsində şəxslərin, təşkilatların, cəmiyyətin və ya dövlətin qanuni maraqlarına ciddi zərər vurulması -

iyirmi mislindən qırx mislinədək cərimə, yaxud üç ildən yeddi ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə, yaxud bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması, yaxud bir aydan iki ayadək qısamüddətli azadlıqdan məhrumetmə, yaxud bir ildən dörd ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Beləliklə, məhkəmə hesab edib ki, Aşxen Mnatsakan Aleksanyana aid edilən əməl dövlətə xəyanət deyil, vəzifəli şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyət həddinin aşılması cinayət tərkibinə uyğundur.

İttiham hökmü çıxarıldığına görə, Aşxen Mnatsakan Aleksanyan barəsində seçilmiş qətimkan tədbiri olan həbs dəyişdirilmədən saxlanılıb”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   XİN   Aleksanyan  


Bizi "telegram"da izləyin