Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “10.000 dram təqaüdçüyə, 20.000 dollar nazirə: Paşinyan hökumətinin “ədalətli” talanı” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, təəccüblü deyil ki, bu dəfə məmurların iştahı daha da artıb.
“Dövləti milyardlarla dollar borca salmış hökumət qərara gəlib ki, ötən ilin ikinci yarısının nəticələrinə əsaslanaraq dövlət məmurlarını “mükafatlandırmaq” üçün 4,6 milyard dram, yəni təxminən 12 milyon dollar ayırsın.
Xatırladaq ki, ilin birinci yarısının nəticələrinə görə nisbətən “təvazökar” davranmış, 3,6 milyard dram və ya təxminən 9,5 milyon dollar ayırmışdılar. Həmin vəsait çərçivəsində 7-8 milyon dram, yəni 20 min dollardan çox mükafat alan nazirlər də olmuşdu. Böyük ehtimalla bu dəfə də eyni məbləğdə, hətta daha çox alacaqlar. Beləliklə, yüksək nazir maaşları və aylıq mükafatlarla yanaşı, vergi ödəyicilərinin vəsaiti hesabına ildə əlavə olaraq təxminən 40.000 dollar həcmində bonus əldə edəcəklər.
Pensiyaları 10 min dram artırdılar ki, 15-16 milyon dramlıq bonuslarını “əsaslandırsınlar”. Sözsüz ki, dövlət vəsaitini çox “ədalətli” bölüşdürürlər. Onların təkcə bonusları bu günkü orta pensiyanı 300 dəfə, minimum əməkhaqqını isə 200 dəfə üstələyir”, - deyə KİV bildirib.
Nəşr yazıb ki, qoy təqaüdçülər və aşağı maaşla işləyən yoxsul insanlar, bəzən minimumdan da az qazananlar bu bahalaşma şəraitində öz cüzi gəlirləri ilə dolansınlar.
“Ötən dəfə Nikol Paşinyan özü-özünə 12 milyon dram (30 min dollardan çox) mükafat vermişdi. Yəqin ki, Qarabağ səhifəsini birdəfəlik bağladığına və Ermənistanı azərbaycanlılar və türklərin qarşısında qoyduğuna görə böyük ehtimalla bu dəfə də eyni məbləğdə mükafat alacaq.
Birinci yarımilin nəticələrinə görə verilən mükafatları az hesab edərək bu dəfə məbləği 1 milyard dram artırıblar.
Beləliklə, məmurlar üçün illik mükafat fondu 8,2 milyard drama çatdırılıb. Dövlət büdcəsindən, yəni vergi ödəyicilərinin hesabına 21,5 milyon dollar ödəniləcək ki, onlar özlərini yaxşı hiss etsinlər.
Bunu necə təqdim etməyə çalışsalar da, aydındır ki, bu, seçkilər ərəfəsində dövlət məmurlarına və sistem işçilərinə paylanan növbəti seçkiqabağı rüşvətdir. Xüsusilə də ona görə ki, onların hansı “yaxşı işə” görə mükafatlandırıldığı barədə nə hesabat, nə də əsaslandırma var”, - deyə KİV bildirib.
Məqalədə qeyd edilib ki, “şəffaf və xalqa hesabatlı hökumət” bu barədə açıqlama verməyə ehtiyac duymur.
“Nikol Paşinyanın dediyi kimi, guya “işəgötürənə” hesabat verməyə ehtiyac görmür. İşəgötürənin, yəni xalqın pulu ilə özlərinə mükafat paylayırlar. Əsaslandırma isə belədir ki, dövlət qurumlarının fəaliyyəti maksimal göstəriciyə “yaxın olub”.
Bunun kim tərəfindən və necə qiymətləndirildiyi məlum deyil. Özlərini özləri qiymətləndirib milyonlarla mükafata layiq görüblər. Halbuki yüz minlərlə insan yoxsulluq içində yaşayır və ən minimal ehtiyaclarını belə qarşılaya bilmir.
Bir vaxtlar deyirdilər ki, xalqın rifahı naminə hətta maaşsız işləməyə hazırdırlar. Bu gün isə nə yüksək maaşlar, nə də mükafatlar onlara kifayət edir, əlavə milyonluq bonuslar da istəyirlər”, - deyə müəllif vurğulayıb.
Nəşr qeyd edib ki, bu, təxminən 40 faiz yoxsulluq səviyyəsi olan bir ölkə üçün açıq istehzadır.
“Məhz buna görə dövlət büdcəsindən özlərinə ayırdıqları milyonları “haqlı göstərmək” üçün pensiyaları 10 min dram artırırdılar. Bunu dövlət vəsaitinin talanı və mənimsənilməsi kimi qiymətləndirməmək mümkün deyil. Əvvəlkiləri dövlət vəsaitini mənimsəməkdə ittiham edirdilər, indi isə özləri bunu açıq şəkildə edirlər.
Sabah seçki məntəqələrinə gedib minnətdarlıqla onlara səs versinlər deyə dövlətin pulunu öz ciblərinə yönəldir, komanda üzvlərinə, dövlət sistemində yerləşdirdikləri qohum-əqrəbalara paylayırlar.
Aydındır ki, 21,5 milyon dolların məmurlar arasında bölüşdürülməsi görülən işlərlə bağlı deyil. Əks halda, bəziləri maaş belə almamalı idi, qaldı ki, mükafat alsınlar. Bu, hökumət qərarı ilə, parlament təsdiqi olmadan paylanan seçkiqabağı rüşvətdir”, - deyə məqalədə bildirilib.
KİV yazıb ki, dövlət idarəetmə aparatında və müəssisələrdə “mükafat” adı ilə rüşvət paylanır, azmış kimi, yerli özünüidarəetmə orqanlarına da seçkilərdən sonra paylanacağı vəd edilir.
“Biz əməkhaqqı məsələsini yerli səviyyədə də həll etməliyik, çünki bu, dövlət və icma məsələsidir, bu vəziyyətə dözə bilmərik”, - deyə Nikol Paşinyan yerli idarəetmə əməkdaşlarını cəlb etməyə çalışır.
“Bu qədər il onların maaşı yadına düşmürdü, amma seçkilər ərəfəsində birdən “xatırladı”. Bu prosesə “əsaslandırma” vermək üçün ərazi idarəetmə naziri Davit Xudatyan bildirir ki, bu istiqamətdə işlər yekun mərhələdədir və model tezliklə təqdim olunacaq.
Seçkilər öncəsi hakimiyyət rüşvət paylayaraq və vədlər verərək, bu şəkildə büdcə hesabına özünü yenidən təmin etməyə çalışır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az