Ordu.az xəbər verir ki, bunu erməni siyasi elmlər doktoru, professor Vahe Davtyan sosial şəbəkə hesabında yazıb.
Davtyan qeyd edib ki, 2025-ci ildə “Şimal-Cənub” dəhlizi üzrə göstəricilər kifayət qədər yüksək olub və layihəyə maraq xüsusilə İran, Hindistan və Körfəz ölkələri bazarlarına yönəlmiş ixracatçılar arasında artıb.
“2025-ci ildə konteyner daşımaları təxminən 60 faiz artaraq 11,5 min TEU-ya çatıb, dəmir yolu ilə yükdaşımaların ümumi həcmi isə 9,9 milyon ton təşkil edib”, - deyə o bildirib.
Davtyanın sözlərinə görə, buna baxmayaraq, layihənin struktur zəiflikləri qalmaqdadır və ən mühüm problemlərdən biri Rəşt-Astara dəmir yolu hissəsinin hələ də tamamlanmamasıdır.
“Bu səbəbdən yüklərin bir hissəsi avtomobil yolu ilə daşınmağa məcbur qalır. 162 km uzunluğunda həmin hissənin tikintisinə 2026-cı ilin aprelindən başlanması planlaşdırılırdı və layihənin dəyəri təxminən 1,6 milyard avro hesablanırdı”, - deyə Davtyan vurğulayıb.
Erməni professor bildirib ki, yaranmış vəziyyətdə layihənin tikinti mərhələsinin yaxın perspektivdə başlaması çətin görünür.
Onun fikrincə, dəhlizin əsas xüsusiyyətlərindən biri də bütün əsas qollarının İran ərazisindən keçməsidir ki, bu da ona strateji əhəmiyyət qazandırmaqla yanaşı, eyni zamanda regional siyasi və hərbi proseslərə qarşı həssas edir.
“ABŞ-nin və İsrailin İrana qarşı hərbi əməliyyatları artıq bir sıra praktik problemlər yaradıb, xüsusilə yüklərin sığortalanması çətinləşib, Hörmüz boğazında gəmiçilik demək olar ki, dayanıb, İran ərazisindən keçən logistika isə daha qeyri-sabit xarakter alıb. Xəzər dənizi üzərindən daşımalar tam dayanmasa da, ümumi sistemin dayanıqlığı kəskin şəkildə zəifləyib”, - deyə Davtyan qeyd edib.
Davtyanın sözlərinə görə, əgər münaqişədən əvvəl 2026-cı ildə dəhliz üzrə yük dövriyyəsinin 15-25 faiz artacağı proqnozlaşdırılırdısa, hazırda hətta hərbi əməliyyatların tezliklə dayanacağı halda belə, 25 faizə qədər azalma ehtimalı nəzərdən keçirilir.
“Uzunmüddətli qarşıdurma olarsa, nəticələr daha dərin olacaq. Beləliklə, “Şimal-Cənub” dəhlizi, hələ yaxın vaxta qədər dinamik inkişaf mərhələsində olan logistika layihəsi kimi qiymətləndirilsə də, artıq yüksək qeyri-müəyyənlik mərhələsinə daxil olur və onun səmərəliliyi böyük ölçüdə İran ətrafındakı hərbi-siyasi inkişaflardan asılı olacaq”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az