Ermənistan KİV-i: Yeni Konstitusiya layihəsinin mətni artıq hazırdır

2026/03/1773744224.jpg
Oxunub: 400     14:42     17 Mart 2026    
Yeni Konstitusiya layihəsinin mətni artıq hazırdır, sənəd “Vətəndaş Müqaviləsi” partiyasının idarə heyətinin iclasında və parlamentdə “Vətəndaş Müqaviləsi” fraksiyasında müzakirə olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Yeni Konstitusiya layihəsinin mətni artıq hazırdır” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın sözlərinə görə, müzakirələrdən sonra mətnin dərc olunması ilə bağlı qərar veriləcək. Erməni nazir qeyd edib ki, Konstitusiyanın mətni mümkün qədər tez ictimaiyyətə təqdim edilməlidir.

“Şübhəsiz ki, seçkilərlə paralel referendum keçirmək mümkün deyil, yəni mətnin ictimaiyyətlə müzakirəsi üçün kifayət qədər vaxtımız olacaq. Məqsədimiz odur ki, mümkün qədər geniş kütlə, hətta imkan daxilində hamı bu mətnlə tanış olsun ki, bu böyük müqavilənin əsas şərtləri cəmiyyətin geniş təbəqələri üçün aydın və anlaşılan olsun”, - deyə erməni nazir bildirib.

“Bir tərəfdən hakimiyyət israr edir ki, konstitusiya referendumu seçkilərlə eyni vaxtda keçirilməyəcək, digər tərəfdən isə bu tələsiklik suallar doğurur. Mənbələrimizin məlumatına görə, Paşinyan yeni Konstitusiya mətnini təqdim etməklə əslində Azərbaycana mesaj vermək istəyir ki, onun istəklərini yerinə yetirməyə, yəni Konstitusiyadan Müstəqillik Bəyannaməsinə istinadı çıxarmağa hazırdır.

Xatırladaq ki, Azərbaycan son dövrlərdə ritorikanı müəyyən qədər yumşaldıb, lakin Bakı yenə də manevr imkanını saxlayaraq Ermənistan hakimiyyətindən Konstitusiyanın dəyişdirilməsini tələb edir. Azərbaycan və Türkiyə yaxşı anlayır ki, bu istəklər yalnız Paşinyan hakimiyyətdə qaldığı halda reallaşa bilər”, - deyə KİV bildirib.

Nəşr yazıb ki, bu səbəbdən müxtəlif bəyanatlarla Paşinyanın seçki kampaniyasına dəstək verirlər.

“Paşinyanın özü də Azərbaycan və Türkiyə istiqamətində jestlər edir. Bunun sübutları o qədər çoxdur ki, ayrıca qeyd etməyə belə ehtiyac yoxdur. Lakin aydındır ki, hətta 2027-ci ildə konstitusiya referendumu keçirilsə belə, Paşinyan uğursuzluğa düçar olacaq, çünki cəmiyyət məcburi Konstitusiyanı qəbul etməyəcək. Hakimiyyət hələlik qısamüddətli yanaşma ilə hərəkət edir, vəziyyətdən çıxış yolu axtarır, sonrasının nə olacağı isə Paşinyanı o qədər də narahat etmir”, - deyə KİV bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Konstitusiya  


Bizi "telegram"da izləyin