Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Vladimir Yevseyev deyib.
Onun fikrincə, hücumun ilk mərhələsində onlar sürətli təzyiq göstərmək və tez nəticə əldə etmək ssenarisi ilə hərəkət edirdilər.
“Hücumun başlanğıcında ABŞ və İsrail belə hesab edirdilər ki, sürətli və intensiv hərbi zərbələr İranı tez geri çəkilməyə məcbur edəcək. Onlar düşünürdülər ki, İranın hərbi infrastrukturu tez sıradan çıxarıla bilər, İran genişmiqyaslı eskalasiya istəməyəcək və regiondakı digər aktorlar müdaxilə etməyəcək”, - deyə rusiyalı analitik qeyd edib.
Lakin Yevseyevin fikrincə, problem İran müharibəni genişmiqyaslı eskalasiyaya və böyük müharibəyə çevirdiyi mərhələdə başlayıb. İran ABŞ-İran hərbi əməliyyatına genişmiqyaslı müharibə psixologiyası ilə cavab verib.
O hesab edir ki, səhv hesablamalardan biri də İranın müqavimət şəbəkəsinin imkanlarının kiçik qiymətləndirilməsi idi. İranın strategiyası yalnız ordusuna deyil, həm də regional tərəfdaşlarına əsaslanır.
“Vaşinqtonda, yəqin ki, hesab edirdilər ki, hərbi təzyiqi lazım olan qədər artırmaq və onu nəzarətdə saxlamaq mümkündür. Lakin reallıqda belə münaqişələrdə qarşı tərəf çox vaxt eyni səviyyədə deyil, qeyri-mütənasib addımlarla cavab verir və bu da ilkin hesablamaları pozur.
Digər səhv hesablamalardan biri regionun yanlış qiymətləndirilməsidir. Yaxın Şərq çox mürəkkəb regiondur və son illərdə də xeyli dəyişib. Bu mühitdə hətta böyük güclər üçün də vəziyyət çətindir. Buna görə sürətli strateji nəticə əldə etmək cəhdi uzunmüddətli və daha mürəkkəb qarşıdurmaya çevrildi. Düşünürəm ki, bu vəziyyət İran müəyyən zəmanətlər əldə edənə qədər davam edəcək”, - deyə Yevseyev bildirib.
Onun qiymətləndirməsinə görə, uzunmüddətli hərbi qarşıdurma heç bir tərəfin maraqlarına uyğun deyil, lakin bu, xüsusilə ABŞ üçün sərfəli deyil. Çünki uzaq məsafədən çox baha başa gələn bir müharibəni uzun müddət aparmaq Vaşinqton üçün çətin olacaq.
“Düşünürəm ki, buna baxmayaraq, region ölkələri indiki mövqelərini qoruyarsa, bu müharibə Cənubi Qafqaza birbaşa təsir göstərməyəcək. Bununla belə, hesab edirəm ki, İran bütün tərəfdaş ölkələrdən daha böyük dəstək almaq istəyəcək və bu mərhələdə daha fəal diplomatiya aparır. Bundan sonra Cənubi Qafqazda ABŞ-nin genişlənən təsiri İran üçün daha böyük problem olacaq. ABŞ İranla danışıqlar apararkən ona iki dəfə zərbə endirdi”, - deyə Yevseyev bildirib.
Alpər Mövludoğlu
Ordu.az